AQTA: Qarayara heyvanlarla yanaşı, insanlar üçün də təhlükəli hesab olunur

Qarayara ən təhlükəli zoonoz xəstəliklərindən biridir. Həmin xəstəlik heyvanlarla yanaşı, insanlar üçün də təhlükəli hesab olunur. Hazırda bütün dünyada insanlar arasında rast gəlinən yoluxucu xəstəliklərin 60 faizdən çoxu məhz zoonoz infeksiyaların payına düşür. Xəstəliyə daha çox iri və xırdabuynuzlu heyvanlar, eləcə də at, maral və dəvələr həssasdır. Heyvanlar həmin infeksiyaya bir çox hallarda xəstəlik törədiciləri ilə çirklənmiş su və torpaq vasitəsilə yoluxa bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) maarifləndirici materialında məlumat verilib.
Məlumatda bildirilir ki, heyvanlarda xəstəliyin gizli dövrü olduqca qısadır, təxminən 1-3 gün çəkir. Xəstəliyin “ildırımvari” adlandırılan ən sürətli yayılma formasında isə heyvan qəfil yıxılır, ağız və burun dəliklərindən qanlı köpük, anus dəliyindən isə qan axır, bir neçə dəqiqə ərzində ölüm halı baş verir. Qanda laxtalanma prosesi getmədiyindən cəsəd qısa müddətdə köpür və bərkimir. Qarayara xəstəliyindən tələf olmuş heyvanların cəsədinin yarılması yolverilməzdir. Ölmüş heyvanın cəsədi yandırılma yolu ilə zərərsizləşdirilməlidir.
İnfeksiya insanlara xəstə heyvanların əti, ondan hazırlanmış yarımfabrikat və digər məhsulların istehlakı zamanı yoluxur. Bundan əlavə, ölmüş heyvanın leşi, dərisi, daxili orqanları, qarayara sporları ilə çirklənmiş torpaq, su, hava və digər xarici mühit amilləri də yoluxmaya səbəb ola bilər.
İnsanlarda xəstəlik daha çox əllərdə və bədənin digər nahiyələrində nekrozlaşmış yaraların əmələ gəlməsi, hərarətin yüksəlməsi, ağız boşluğunun selikli qişasının xorası və digər əlamətlərlə özünü büruzə verir. Qarayaraya yoluxmuş şəxs dərhal tibbi yardım almalıdır. Yaraya müdaxilə edilməsi infeksiyanın yayılmasına səbəb ola bilər.
Mal-qaranı qarayara xəstəliyindən qorumaq üçün heyvanların dövri peyvəndlənməsi vacibdir. Xəstəlikdən qorunmağın ən təsirli yolu baytarlıq nəzarəti olmayan yerdən ət almamaq, eyni zamanda, çarpaz çirklənmənin qarşısını almaq üçün heyvanların kəsildiyi yerlərin meyvə-tərəvəz və başqa qida məhsulları ilə təmas etməsinin qarşısını almaqdır.
13:05 10.04.2025
Oxunuş sayı: 1322