Moskva - Tokio xəttində gərginlik: Mühüm ABŞ faktoru

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, hazırda Rusiya və Yaponiya arasında sülh müqaviləsinin bağlanması ilə bağlı heç bir təmas yoxdur. Onun sözlərinə, Tokionun qeyri-dost addımları fonunda belə danışıqların mümkünlüyündən danışmağın mənası yoxdur.
Peskov qeyd edib ki, Tokio Rusiyaya qarşı bütün qeyri-dost və düşmən addımlara tam qoşulmağa tələsib.
"Sülh müqaviləsi bağlamaq istəyi haqqında sözlərlə real vəziyyət və Yaponiya rəhbərliyi tərəfindən ölkəmizə qarşı görülən real tədbirlər üst-üstə düşmür. Biz real vəziyyətdən çıxış edirik", - Kremlin nümayəndəsi bildirib.
Qeyd edək ki, Yaponiya Xarici İşlər Nazirliyinin illik hesabatında Tokionun Moskva ilə sülh müqaviləsi bağlamaq və ölkələr arasındakı ərazi mübahisəsini həll etmək istəyindən bəhs edildiyi bildirilmişdi. Hesabata əsasən, Yaponiya hakimiyyəti həmçinin yaponların cənubi Kuril adalarına səfər təcrübəsinin bərpasını istəyir.
Rusiya - Yaponiya münasibətlərinin perspektivi barədə Crossmedia.az saytına danışan beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəylinin sözlərinə görə, Yaponiya ABŞ-nin forpostu kimi Rusiya ilə daim gərgin münasibətlərə malikdir:
"Yaponiya-Rusiya münasibətlərində ziddiyyət həmişə olub. Xüsusilə də Uzaq Şərqdə onların ciddi problemləri olub. Yaponiya Kuril adalarını öz ərazisi hesab edir. Kuril adaları ilə bağlı məsələ tərəflər arasında böyük bir problem kimi qalmaqdadır. Üstəlik, Yaponiya Sakit okean zonasında Çinin və Rusiyanın əleyhinə istənilən formada hərbi əməliyyatlara başlamaq üçün baza rolunu oynayır və demək olar ki, bütün hərbi sənaye texnologiyası ABŞ əsaslıdır. Yaponiya ABŞ-nin proksi gücü rolundadır. Bu mənada, Yaponiya Rusiya əleyhinə sanksiyalara qoşulmaqda da xüsusi fəallıq göstərdi".
Nuray Qurbanlı
15:53 08.04.2025
Oxunuş sayı: 2165