ABŞ Rusiyaya uduzur?: "Geopolitik məğlubiyyət..."

ABŞ-nin müdafiə naziri (Pentaqon rəhbəri) Pit Heqset Brüsseldə Ukraynaya silah tədarükünü koordinasiya edən Qərb təmas qrupunun iclasında deyib ki, Ukraynanın 2014-cü ilə qədərki sərhədlərə qayıtmaq cəhdləri qeyri-real məqsəddir.
"Biz də sizin kimi suveren və firavan Ukrayna istəyirik. Bununla belə, Ukraynanın 2014-cü ildən əvvəlki sərhədlərə qayıtmasının qeyri-real məqsəd olduğunu etiraf etməliyik", - nazir vurğulayıb.
O, həmçinin qeyd edib ki, Ukraynadakı müharibənin sülh yolu ilə həlli Donald Trampın rəhbərlik etdiyi ABŞ administrasiyası üçün əsas prioritetdir.
“Daimi sülhə nail olmaq əsas prioritetdir”, - Pentaqon rəhbəri bildirib.
"ABŞ Müdafiə Nazirliyi bu məqsədə çatmağa kömək edəcək", - P.Heqset bildirib. Onun sözlərinə görə, Vaşinqton Ukraynada qan tökülməsinin dayandırılmasının vacibliyi mövqeyindən çıxış edir. Bunun üçün həm də döyüş meydanı real qiymətləndirilməlidir”, - o vurğulayıb.
Nazirin dediklərini Crossmedia.az-a şərh edən politoloq Məhəmməd Əsədullzadənin sözlərinə görə ABŞ adminstrasiyası Rusiya ilə atəşkəsə hazırkl şərtlərlə getməyi hesablayır: "Bu, Rusiya Prezidenti Vladimir Putinin maraqlarına cavab verir. Tərəflər arasında telefon danışığının detalları məlum olmasa da, görünən odur ki, ABŞ-nin Prezidenti Donald Tramp və rusiyalı həmkarı Vladimir Putin arasında danışıqlar aparılır".
Analitikin sözlərinə görə, Rusiyanın 2014- cü il sərhədlərinə qayıtması mümkündür: "Amma Tramp hazırda atəşkəsə çalışır. Pentaqon rəhbərinin açıqlaması da göstərir ki, tərəflər atəşkəsə getməyi planlaşdırırlar. Ukrayna çox ciddi itkilər verib. Rəsmi Kiyev 80 faiz ərazidə təhlükəsizlik və müdafiə üzrə razılaşma əldə olunmasını istəyir. Bu razılaşmanın əldə edilməməsi nəinki Ukraynanın, həm də ABŞ-nin geopolitik məğlubiyyətidir".
Politoloq Rusiyanın müharibəni başlatdığına diqqət çəkib: "ABŞ bu hərbi təcavüzə qarşı çıxa bilərdi. Amma Tramp bazarlıq etməyə çalışır. Ukraynanın müəyyən hissəsini Rusiyaya verməklə digər ərazilərdə güzəştlər əldə etmək istəyir".
Fatimə Məmmədova
15:43 13.02.2025
Oxunuş sayı: 4222