ABŞ -Aİ gərginliyi: Kim udub, kim uduzacaq?- Şərh

Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen ABŞ-a xəbərdarlıq edib.
O bildirib ki, ABŞ-nin Avropa İttifaqına (Aİ) qarşı əsassız tariflərinə cavab çox qəti olacaq.
"ABŞ-nin Avropa polad və alüminium ixracatına tariflər tətbiq etmək qərarından dərin təəssüf hissi keçirirəm. Tariflər vergilərdir, bu isə biznes üçün pis, istehlakçılar üçün daha pisdir", - o qeyd edib.
AK sədri vurğulayıb ki, Aİ-yə qarşı əsassız tariflər cavabsız qalmayacaq:
"Onlar qəti və mütənasib əks tədbirlərə səbəb olacaq. Aİ öz iqtisadi maraqlarını qorumaq üçün hərəkət edəcək. Biz işçilərimizi, biznesimizi və istehlakçılarımızı qoruyacağıq".
Məlum olduğu kimi, ABŞ Prezidenti Donald Tramp polad və alüminium idxalına 25 faiz gömrük rüsumunun tətbiqi barədə sərəncam imzalayıb. Bu sərəncamdan əvvəl Aİ tərəfindən bildirilmişdi ki, ABŞ Avropa mallarına rüsumlar tətbiq edərsə, ABŞ-nin ən böyük İT şirkətlərinə qarşı cavab tədbirləri görüləcək.
Bütün bunlar Vaşinqtonla Brüssel arasında münasibətlərin getdikcə pisləşdiyi müşahidə olunur. Münasibətlərin gələcək inkişafı barədə Crossmedia.az-a danışan beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli ABŞ-nin Aİ-nin əsas təhlükəsiz zəmanətçisi olduğunu qeyd edib: "Asılılıq hərbi və siyasi baxımdan daha çoxdur, nəinki iqtisadi. Xüsusilə Ukrayna müharibəsində Avropanın Rusiyanın adı ilə qorxudulması nəticəsində ABŞ Prezidenti Donald Trampın əlinə daha böyük imkanlar düşdü. Aİ-nin ABŞ-nin hansısa tariflərinə tab gətirəcəyinə dair əsas yoxdur. Əksinə, Rusiya və Çinə qarşı bu mübarizədə Aİ-nin resursları da səfərbər olunub".
Fatimə Məmmədova
16:35 11.02.2025
Oxunuş sayı: 4072