Ölkələrin nazir müavinləri Yaşıl Enerji Dəhlizi layihəsinin müzakirə ediblər

Türkiyənin İstanbul şəhərində Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan
Yaşıl Enerji Dəhlizi layihəsinin müzakirəsinə dair bu ölkələrin nazir müavinlərinin
3-cü iclası keçirilib.
Crossmedia.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, iclasda energetika nazirinin müavini Orxan Zeynalovun rəhbərlik
etdiyi nümayəndə heyəti təmsil olunub. Tədbirdə Azərbaycanın enerji keçidi sahəsində
mövcud strategiyası, bərpa olunan enerji potensialı və yaşıl enerjinin ixracı
istiqamətində atılan addımlar barədə məlumat verib. Azərbaycanda yaşıl enerji
zonalarının yaradılması və Xəzər dənizində külək enerjisi potensialının
reallaşdırılması istiqamətində həyata keçirilən layihələrdən, həmçinin ölkəmizi
Avropa ilə birləşdirəcək yaşıl enerji dəhlizlərindən danışılıb.
İclasda dörd ölkə arasında elektrik enerjisi mübadiləsinin
genişləndirilməsi imkanlarına və layihə üzrə müqavilə-hüquq bazasının
formalaşdırılması məqsədilə hazırlanmış “Azərbaycan Respublikasının Energetika
Nazirliyi, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi, Türkiyə
Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi və Bolqarıstan
Respublikasının Energetika Nazirliyi arasında yaşıl enerjinin ötürülməsi sahəsində
əməkdaşlığa dair Anlaşma Memorandumu”nun layihəsi müzakirə edilib və sənədin mətni
razılaşdırılıb.
Səfər çərçivəsində Türkiyənin energetika və təbii sərvətlər
nazirinin müavini Zafer Demircan ilə Azərbaycan və Türkiyə arasında yaşıl
enerji dəhlizinin yaradılması məsələsinin müzakirəsinə həsr olunmuş geniş tərkibli
görüş keçirilib. Görüşdə Naxçıvan Muxtar Respublikasında yaşıl enerji zonasının
inkişafına dair Konsepsiya və Tədbirlər Planının hazırlanması istiqamətində
görülən işlər haqqında məlumat verilib, BCG məsləhətçi şirkətinin ekspertləri,
“Azərenerji” ASC-nin və Türkiyənin TEİAS şirkətinin nümayəndələrinin də
iştirakı ilə yaşıl enerjinin ixracını dəstəkləyəcək infrastruktur layihələrinin
texniki və iqtisadi əsaslandırılmasından irəli gələn məsələlər müzakirə olunub.(apa)
10:35 08.02.2025
Oxunuş sayı: 5816