Şri-Lankanın XİN başçısı Azərbaycanın sədrliyi ilə AQEM-in tərəqqisini qeyd edib
Şri-Lanka əmindir ki, Azərbaycanın sədrliyi altında Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) mövqelərini möhkəmləndirməyə və etimadın gücləndirilməsi sahəsində iştirakçı dövlətlərin ortaq məqsədlərinə nail olunmasına fəal töhfə verməyə davam edəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm naziri Vijita Herat Bakıda keçirilən AQEM-in VII Zirvə Görüşündə deyib.
"Azərbaycanı AQEM-ə sədrlik müddətinin uzadılması münasibətilə təbrik edirəm. Şri-Lanka "Daha güclü AQEM: Asiyada bağlantılılıq, rəqəmsallaşma və dayanıqlı inkişaf" devizi altında Azərbaycan sədrliyinin əldə etdiyi tərəqqini yüksək qiymətləndirir", - o deyib.
Nazir həmçinin AQEM-in institusional inkişafında əldə edilən uğurları, o cümlədən Qadınlar Şurasının və Maliyyə Sammitinin yaradılmasını, eləcə də aparıcı universitetlərin tərəfdaşlıq şəbəkəsinin praktiki fəaliyyətə başlamasını alqışlayıb.
"Biz AQEM-in inklüziv xarakterini və konsensus əsasında qərar qəbul etmə prinsipini qorumaqla institusional strukturunun gücləndirilməsi səylərini dəstəkləyirik", - Herat əlavə edib.
15:25 15.10.2026
Oxunuş sayı: 55