Vüqar Rəhimzadə: Türkiyəli rəsmilərin Azərbaycanla bağlı qərəzli açıqlamaları qəbuledilməzdir
Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik münasibətləri fonunda Türkiyənin bəzi siyasi dairələrinin Azərbaycanla bağlı açıqlamaları müzakirələrə səbəb olub. Oktyabrın 13-də Yeni Azərbaycan Partiyası (YAP) Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saralın və AKP deputatlarının fikirlərinə münasibət bildirərək, Azərbaycana qarşı qərəzli informasiya kampaniyasını tənqid edib. Partiya Azərbaycan-İsrail münasibətlərinin təhrif olunduğunu bildirərək, ölkənin Fələstinə dəstəyini, humanitar yardımını və iki dövlət prinsipini vurğulayıb. YAP, həmçinin Azərbaycanın dünyəvi dövlət quruluşuna, məktəblərdə geyim qaydalarına və daxili işlərinə müdaxilə xarakterli yanaşmaları qəbuledilməz sayıb. Açıqlamada 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşünün Azərbaycanda keçirilməsinin nəzərdə tutulması da xatırladılıb.
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Crossmedia.az-a açıqlamasında Türkiyə Prezidentinin baş müşaviri Oktay Saralın və hakim Ədalət və İnkişaf Partiyasının bəzi millət vəkillərinin Azərbaycanla bağlı açıqlamalarını qəbuledilməz hesab edib.
Deputat Türkiyənin bəzi informasiya resurslarında Azərbaycan əleyhinə yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib: “Təəssüf ki, Türkiyənin bir sıra media orqanlarında və sosial şəbəkə platformalarında, o cümlədən AKP iqtidarına yaxınlığı ilə tanınan informasiya resurslarında Azərbaycana qarşı yönəlmiş, həqiqətə uyğun olmayan, qərəzli və böhtan xarakterli məlumatların yayılması davam edir. Türkiyə Prezidentinin baş müşaviri Oktay Saralın və hakim Ədalət və İnkişaf Partiyasından olan millət vəkillərinin Azərbaycanla bağlı səsləndirdikləri fikirlər qəbuledilməzdir. Bu cür yanaşma təkcə informasiya məsuliyyəti prinsiplərinə zidd deyil, həm də Azərbaycan-Türkiyə münasibətlərinin ruhuna uyğun gəlmir”.
Vüqar Rəhimzadə Azərbaycan-Türkiyə münasibətlərinin ortaq tarixə və strateji müttəfiqliyə əsaslandığını vurğulayıb: “Azərbaycan-Türkiyə münasibətləri təkcə dövlətlərarası siyasi əlaqələrdən ibarət deyil. Bu münasibətlər ortaq tarixə, milli-mənəvi dəyərlərə, qarşılıqlı dəstəyə, strateji maraqların uzlaşmasına və müttəfiqliyə əsaslanır. Yeni Azərbaycan Partiyasının bu məsələyə münasibəti də iki qardaş ölkə arasında mövcud münasibətlərin siyasi və mənəvi mahiyyəti, qarşılıqlı etimad və strateji müttəfiqlik prinsipləri baxımından böyük əhəmiyyət daşıyır”.
Deputat qarşı tərəfin açıqlamalarında Azərbaycanın hüquqi və siyasi reallıqlarının nəzərə alınmasının vacibliyini qeyd edib: “Türkiyə Prezidentinin baş müşaviri Oktay Saralın və hakim Ədalət və İnkişaf Partiyasının bəzi millət vəkillərinin məsələnin mahiyyətini, Azərbaycanın konstitusion quruluşunu, dünyəvi dövlətçilik prinsiplərini və ölkəmizdə dini etiqad azadlığının hüquqi əsaslarını dərindən araşdırmadan populist və məsuliyyətsiz açıqlamalarla çıxış etməsi ciddi təəssüf doğurur. Xüsusilə siyasi mövqeyi və ictimai nüfuzu olan şəxslərin hər hansı məsələ barədə fikir bildirərkən faktlara, hüquqi reallıqlara və qarşı tərəfin mövqeyinə əsaslanması vacibdir”.
Vüqar Rəhimzadə Azərbaycanın dünyəvi dövlət olduğunu xatırladaraq ölkənin daxili işlərinə hörmətlə yanaşılmalı olduğunu bildirib: “Azərbaycan dünyəvi dövlətdir. Buna görə də ölkəmizin dünyəvi dövlət quruluşunun və təhsil siyasətinin siyasi manipulyasiya predmetinə çevrilməsi qəbuledilməzdir. Türkiyənin hakim partiyasının təmsilçiləri, xüsusilə yüksək dövlət vəzifələri tutan şəxslər siyasi bəyanatlarında məsuliyyətli mövqe nümayiş etdirməli, səsləndirdikləri fikirlərin mümkün nəticələrini nəzərə almalıdırlar. Azərbaycan Respublikasının suverenliyinə, konstitusion quruluşuna, milli maraqlarına və daxili işlərinə hörmətlə yanaşılması dövlətlərarası münasibətlərin əsasını təşkil edən mühüm prinsiplərdəndir”.
Deputat medianın informasiya yayarkən dəqiqliyi və obyektivliyi əsas götürməli olduğunu diqqətə çatdırıb: “Medianın əsas vəzifəsi ictimaiyyəti məlumatlandırmaqdır, cəmiyyətdə yanlış təsəvvür formalaşdırmaq, ölkələr arasında etimadı sarsıtmaq və ya siyasi müzakirələri əsassız ittihamlarla müşayiət etmək deyil. Azərbaycan haqqında yayılan məlumatlar faktlara söykənməli, etibarlı mənbələrlə təsdiqlənməli və qarşı tərəfin mövqeyi də nəzərə alınmalıdır. Dəqiqlik, obyektivlik, faktların yoxlanılması, mənbələrin etibarlılığı və ictimaiyyət qarşısında məsuliyyət peşəkar jurnalistikanın fundamental prinsipləridir”.
Vüqar Rəhimzadənin sözlərinə görə, Azərbaycan haqqında reallığı təhrif edən və qərəzli məlumatların yayılması iki ölkə arasında strateji tərəfdaşlığa və qarşılıqlı etimada zərər verə bilər. O, media resurslarını faktlara əsaslanan, məsuliyyətli və obyektiv informasiya siyasəti yürütməyə çağırıb.
Nigar Xəlilli
16:30 14.10.2026
Oxunuş sayı: 63