Fransanın etno-mədəni diaqnostikası
Fransız etno-mədəni sisteminin özünü fransız olmayanlara da qəbul etdirmək qabiliyyəti ilə onun müstəmləkəçilik təcrübəsinin bir-birinə zidd görünən, amma əslində eyni mədəni-siyasi mexanizmdən doğan tərəflərini diaqnostikanın mərkəzinə qoymaq lazımdır. Burada “Fransa insan hüquqları ölkəsidir” demək diaqnostika deyil. Bu, dövlətin özünü təqdim etmə formuludur. Diaqnostika həmin formulun real tarixi davranışlarla nə dərəcədə uyğun gəldiyini araşdırmalıdır.
Fransanın etno-mədəni kimliyinin əsas xüsusiyyəti mədəni və siyasi mərkəzləşmənin çox erkən və ardıcıl şəkildə həyata keçirilməsidir. Fransa əsrlər boyu müxtəlif regional dillərə, dialektlərə və yerli mədəniyyətlərə malik olsa da, dövlət tədricən Paris mərkəzli siyasi, inzibati və dil modelini bütün ölkəyə yaymışdır. Müasir Konstitusiyanın “bölünməz Respublika” anlayışı bu tarixi modelin davamıdır və fransız dili Respublikanın yeganə rəsmi dili, dövlətin əsas simvolları isə üçrəngli bayraq, “Marselyeza” və “Azadlıq, Bərabərlik, Qardaşlıq” formuludur.
Bu səbəbdən fransız kollektiv kimliyi ilk növbədə “müxtəlif xalqların birgə federasiyası” deyil, vahid fransız siyasi-mədəni məkanının yaradılması prinsipi üzərində formalaşıb. Breton, oksitan, korsikan, bask, alsas və digər regional fərqliliklər mövcud olsa da, onların heç biri Fransa daxilində ayrıca milli-siyasi identiklik səviyyəsinə dövlət miqyasında yüksəlməyib. Fransızlaşma prosesi dil, məktəb, inzibati idarəçilik və milli tarix tədrisi vasitəsilə uzun müddət davam edib.
Fransız fərdi kimliyinin mühüm xüsusiyyəti fərdin əvvəlcə “fransız” kimi müəyyənləşdirilməsidir. Regional, dini və etnik mənsubiyyətlər hüquqi baxımdan ikinci plana keçirilir. Fransa Respublikası vətəndaşlarının mənşə və dinindən asılı olmayaraq qanun qarşısında bərabərliyini elan edir. Lakin bu universalizm ikiüzlü xarakter daşıya bilir, fərdi “fransızlaşdırmaq” və ona universal fransız modelini qəbul etdirmək arasında sərhəd həmişə aydın olmayıb. Fransız sisteminin gücü də, mübahisəli tərəfi də buradadır. Fransa fərqli mənşəli insanı öz milli sisteminə daxil edə bilir, lakin bunun əvəzində həmin fərddən müəyyən dərəcədə dominant fransız siyasi-mədəni kodunu qəbul etməsini gözləyir. Beləliklə, fransız modeli “sən kim olaraq qalmaq istəyirsən?” sualından daha çox “Fransa vətəndaşı olaraq hansı ümumi siyasi-mədəni çərçivəni qəbul edirsən?” sualını önə çıxarır.
Fransız kollektiv kimliyinin mərkəzində dövlət və millətin demək olar ki, üst-üstə düşməsi dayanır. İngiltərədə monarxiya, Almaniyada dil-mədəniyyət, Ermənistanda diaspora, Gürcüstanda dil-dövlətçilik, İranda çoxqatlı tarixi identiklik kimi komponentlər daha xüsusi rol oynayırsa, Fransada bunların üzərində mərkəzləşdirilmiş dövlət modeli üstünlük təşkil edir.
1789-cu il İnqilabı bu prosesə yeni ideoloji məzmun verdi. “Vətəndaş”, “xalq suverenliyi”, “respublika”, “laiklik” və “bərabərlik” artıq yalnız siyasi terminlər deyildi, fransız milli kimliyinin əsas simvollarına çevrilmişdi. Konstitusiyanın özü də 1789-cu il İnsan və Vətəndaş Hüquqları Bəyannaməsinə istinad edir. Lakin burada etno-mədəni diaqnostika üçün əsaslı paradoks meydana çıxır. Fransa daxilində universal vətəndaşlıq ideyasını inkişaf etdirən dövlət eyni zamanda xaricdə uzun müddət müstəmləkəçi hakimiyyət sistemi qurmuşdu. Bu ziddiyyət Fransa kimliyinin təsadüfi qüsuru deyil, onun tarixi strukturunun mühüm hissəsidir.
Müstəmləkəçilik və milli özünüdərk: Fransanın etno-mədəni diaqnostikasında müstəmləkəçilik ayrıca indikator olmalıdır. Fransa öz siyasi-mədəni modelini yalnız Avropada yaratmadı, onu Afrika, Asiya, Karib hövzəsi və digər ərazilərə də daşıdı. Müstəmləkəçilik yalnız iqtisadi istismar sistemi deyildi, eyni zamanda, Fransız dili, təhsil, hüquq, inzibati idarəçilik və mədəni normalar vasitəsilə fransız modelinin üstünlüyü də yayılırdı. Burada ziddiyyət daha da dərinləşir: Fransız universalizmi bir tərəfdən insanın mənşəyindən asılı olmayaraq “fransız vətəndaşı” ola bilməsini mümkün edir, digər tərəfdən isə müstəmləkə sistemində fransız olmayan xalqların siyasi bərabərliyini məhdudlaşdırır və istismar edir. Deməli, Fransa üçün “universalizm” yalnız humanist dəyər kimi deyil, həm də assimilyasiya və siyasi-mədəni genişlənmə mexanizmi kimi təqdim edilməlidir.
Bu gün Fransa Respublikasının rəsmi özünütəsvirində isə fərqli prinsip hakimdir. Respublika bölünməz, dünyəvi, demokratik və sosial dövlət kimi müəyyən edilir və qanun qarşısında mənşə və din fərqindən asılı olmayaraq bərabərlik elan olunur. Lakin dənizaşırı ərazilərdəki siyasi və sosial gərginliklər göstərir ki, hüquqi universalizm ilə real sosial münasibətləri eyniləşdirmək olmaz.
Mədəni məhsullar: Fransanın ən güclü diaqnostik göstəricilərindən biri mədəni məhsulun milli sistem tərəfindən yaratmaq qabiliyyətidir. Fransız ədəbiyyatı, fəlsəfəsi, teatrı, rəssamlığı, memarlığı, moda, mətbəx, şəhər mədəniyyəti və diplomatik-siyasi terminologiyası bir-birindən təcrid olunmuş məhsullar deyillər. Onlar uzun müddət ərzində “fransız həyat tərzi” haqqında vahid təsəvvür yaratmışlar.
Burada mühüm fərq Rusiyaya dair təqdimatda ortaya çıxmış: Rusiyada “rus dilində yaradılmış böyük mədəniyyət” ilə “rus etno-mədəni özünütəşkilinin məhsulu”nu ayırmaq lazım gəlirdisə, Fransada bu iki səviyyə nisbətən daha çox üst-üstə düşür. Fransız ədəbiyyatı, mətbəxi, şəhər estetikası, fəlsəfəsi və gündəlik sosial davranışları arasında mədəni sinxronluq daha aydın görünür.
Fransız mədəniyyətinin mühüm xüsusiyyəti həm də özünü şüurlu şəkildə təqdim etməsidir. Fransa yalnız mədəni məhsul yaratmır, həmin məhsulu “Fransız mədəniyyəti” kimi kateqoriyalaşdırır, qoruyur, təbliğ edir və beynəlxalq səviyyədə ixrac edir.
Fransız dili bu sistemin əsas inteqrasiya alətidir. Fransa daxilində regional dillərin tarixi zəifləməsi təsadüfi hadisə deyil. Dövlət məktəbi və inzibati sistem vasitəsilə fransız dili milli vahidliyin əsas vasitəsinə çevrilib. Müasir Konstitusiyanın “Respublikanın dili fransız dilidir” müddəası bu modelin hüquqi ifadəsidir. Beləliklə, dil Fransada sadəcə kommunikasiya vasitəsi deyil, milli siyasi məkanın sərhədidir.
Fransanın milli simvolları son dərəcə güclü və tanınandır. Üçrəngli bayraq, “Marselyeza”, Bastiliya, Eyfel qülləsi, Paris və s. Lakin diaqnostik baxımdan daha maraqlı olan budur ki, bu simvollar yalnız dövlət atributları olaraq qalmayıb, gündəlik fransız təsəvvürünün bir hissəsinə çevrilib. Mətbəx, şərab, çörək, pendir, kafe, küçə həyatı, moda, ədəbiyyat və fəlsəfi müzakirə ənənəsi də fransız özünüdərkinin gündəlik səviyyədə reproduksiyasına xidmət edir.
Fransız kollektiv kimliyinin mühüm xüsusiyyəti öz mədəniyyətini universal model kimi təqdim etmək meylidir. Bu xüsusiyyət bir tərəfdən Fransanın dünya mədəniyyətinə təsir imkanlarını artırıb. Digər tərəfdən, müstəmləkəçilik tarixində başqa xalqların öz mədəni inkişaf yollarına fransız modelinin üstün mövqedən tətbiq edilməsinə səbəb olub. Bu səbəbdən Fransanın etno-mədəni diaqnostikasında “universalizm” avtomatik olaraq müsbət indikator hesab edilməməlidir. Onun iki funksiyası mövcuddur. Daxildə inteqrasiya və xaricdə mədəni-siyasi genişlənmə. Bu ikili funksiya Fransız kimliyinin ən mühüm paradokslarından biridir.
Diaqnostik nəticə: Fransanın etno-mədəni sistemi güclü dövlət mərkəzləşməsi, vahid dil, siyasi vətəndaşlıq, yüksək mədəni özünütəşkil, güclü simvolik sistem və mədəni məhsulun dövlət tərəfindən qorunması və ixracı üzərində qurulmuşdur. Onun əsas gücü öz daxilində müxtəlif mənşəli insanları vahid siyasi-mədəni identiklik ətrafında birləşdirə bilməsidir. Əsas zəifliyi isə bu birliyin tarixən müəyyən dərəcədə assimilyasiya və mədəni üstünlük mexanizmləri ilə əldə edilməsidir.
Fransız fərdi kimliyinin əsas xüsusiyyəti fərdin “fransız” siyasi-mədəni modelinə daxil olaraq özünü həmin modelin daşıyıcısı kimi təsəvvür edə bilməsidir. Kollektiv kimliyin əsası isə “dil, dövlət, Respublika, mədəniyyətŞ universalizm” elementlərinin sintezidir. Lakin bu sistemin tarixi kölgəsi də eyni dərəcədə mühümdür. Fransa öz daxilində vətəndaş bərabərliyini universal prinsip kimi irəli sürərkən, xaricdə uzun müddət bərabər olmayan müstəmləkə münasibətləri yaratmışdır. Buna görə Fransa haqqında obyektiv diaqnostika nə yalnız “insan hüquqları və demokratiya”, nə də yalnız “müstəmləkəçilik” üzərində qurula bilər.
Fransanın etno-mədəni kimliyi yüksək dərəcədə mərkəzləşmiş dövlət, vahid dil, siyasi vətəndaşlıq və güclü milli mədəni məhsul əsasında formalaşmışdır. Fransız fərdi kimliyi dominant fransız siyasi-mədəni modelinə inteqrasiya, kollektiv kimliyi isə dövlət, dil və respublika ideyalarının sintezi ilə xarakterizə olunur. Fransız mədəniyyətinin əsas gücü özünü sistemli şəkildə yaratmaq, qorumaq və dünyaya təqdim etmək qabiliyyətidir. Əsas tarixi ziddiyyəti isə daxildə universal vətəndaşlıq və bərabərlik ideyalarını inkişaf etdirən eyni sistemin xaricdə uzun müddət müstəmləkəçilik və mədəni üstünlük siyasəti həyata keçirməsidir. Buna görə də müasir Fransa kimliyi həm güclü inteqrasiya modelinin, həm də həmin modelin tarixi sərhədlərini yenidən nəzərdən keçirmək məcburiyyətinin məhsuludur.
14:40 13.10.2026
Oxunuş sayı: 169