Türk dövlətlərinin ortaq xəritəsi yaradılır - Yer adları hansı tarixi həqiqətləri gizlədir?

Türk Dövlətləri Təşkilatı çərçivəsində ortaq coğrafi məlumatların sistemləşdirilməsi təşəbbüsü üzv ölkələr arasında elmi və mədəni əməkdaşlığın yeni istiqamətlərindən biri kimi diqqət çəkir. Vahid xəritənin və coğrafi adlar kataloqunun yaradılması Türk dövlətlərinin əraziləri, toponimləri və coğrafi irsi ilə bağlı məlumatların vahid yanaşma əsasında toplanmasına və uyğunlaşdırılmasına imkan verə bilər. Coğrafi adlar yalnız məkanları müəyyənləşdirmir, həm də xalqların tarixi yaddaşını və dil xüsusiyyətlərini əks etdirir. Bu baxımdan təşəbbüsün əhəmiyyəti xəritə məlumatlarının birləşdirilməsi ilə məhdudlaşmır, Türk dünyasının ortaq coğrafi irsinin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından da qiymətləndirilir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında akademik Nizami Cəfərov qeyd edib ki, türklər dünyanın geniş coğrafiyasında məskunlaşıb, lakin müxtəlif tarixi şəraitlərdə bir sıra türk mənşəli yer adları dəyişdirilib və ya başqa dillərə uyğunlaşdırılıb:
“Türklər dünyanın çox böyük bir ərazisində məskunlaşıblar, yayılıblar. Bəzən bu coğrafiyalarda başqa xalqlar da adalar şəklində özlərinə yer tapıblar. Ən mürəkkəb məsələlərdən biri də budur ki, türklər bir neçə dövlətin tərkibində olub və bu da mənfi təsir göstərib. Məsələn, Rusiyada, İranda, Çində və digər bəzi ölkələrdə türklərin yer adları danılıb, başqa dillərə çevrilib və ya zaman-zaman unutdurulmağa çalışılıb. Amma bu gün də həmin adlar türklər arasında yaşayır. Sadəcə beynəlxalq sənədlərdə və əhəmiyyətli xəritələrdə bəzən türk adları deyil, başqa adlar göstərilir”, - deyə akademik bildirib. Onun sözlərinə görə, vahid xəritə və coğrafi adlar kataloqu Türk dünyasının tarixi toponimik zənginliyini həm türk xalqlarına, həm də beynəlxalq ictimaiyyətə təqdim etmək üçün praktik əhəmiyyətə malikdir: “Əgər Türk dünyasını daxili zənginliyi, yer adları və toponimik xüsusiyyətləri ilə təsəvvürümüzdə canlandırmaq istəyiriksə, belə bir xəritə və kataloq lazımdır. Bu, həm həqiqətləri üzə çıxaracaq, həm də türklərdə qürur hissi yaradacaq, onların birliyinin nə dərəcədə güclü olduğunu göstərəcək”, - deyə Nizami Cəfərov vurğulayıb.
Akademik diqqətə çatdırıb ki, Türk xalqlarının yaşadığı geniş coğrafiyada eyni və ya oxşar yer adlarının təkrarına rast gəlinir. Onun fikrincə, bu oxşarlıqlar xalqların tarixi köçlərini və ortaq coğrafi düşüncəsini anlamaq baxımından maraq doğurur.
“Türk xalqlarının coğrafiyası üçün belə bir qanunauyğunluq var ki, uzaq Şərqdən Avropanın içərilərinə qədər eyni ad dəfələrlə təkrarlanır. Məsələn, Ağdağ, Qaradağ, Ağsu, Qarasu. Bu, bir harmoniya yaradır. Türklər nə zaman və haradan haraya köçüblərsə, köhnə adları da özləri ilə daşıyıblar və beləliklə, həmin adlar qanunauyğun şəkildə yayılıb”, - deyə o bildirib.
Nizami Cəfərov əlavə edib ki, türk toponimləri yalnız coğrafi məkanları fərqləndirmir, həm də insanların təbiətə və yaşadıqları yerlərə münasibətini əks etdirir. “Türk coğrafi adlarında təkrarlanan nümunələrlə yanaşı, həmin coğrafiyanı dərk etmək baxımından verilmiş adlar da var. Bu adlar bəzən o qədər obrazlı, bədii və şairanə olur ki, həmin yerə verilən dəyəri ifadə edir. Məsələn, Acıçay, Şirinçay. Bu mənada Türk dünyasının coğrafiyası ümumi təfəkkürümüzün, yaradıcılıq qabiliyyətimizin və estetik zövqümüzün də xəritəsidir. Türk coğrafiyasının vahid kataloq və xəritələr şəklində həm Türk dünyasına, həm də bütün dünyaya çatdırılmasının böyük əhəmiyyəti var”, - deyə akademik fikirlərini yekunlaşdırıb.
Nigar Xəlilli
14:45 09.10.2026
Oxunuş sayı: 61