Çin lazer rabitəsində rekorda imza atdı

Çin peyk və Yer arasında lazer rabitə texnologiyasında böyük irəliləyiş əldə edib. "Chang Guang Satellite Technology" şirkəti "Jilin-1" peyk sistemi ilə 100 Gbps məlumat ötürmə sürətinə nail olaraq əvvəlki 10 Gbps rekordunu on dəfə üstələyib.
Rekord mobil yer stansiyası vasitəsilə qeydə alınıb. "Jilin-1" peyki hərəkətdə olan yük maşını üzərinə quraşdırılmış mobil stansiya ilə əlaqə saxlayaraq atmosferik problemləri aradan qaldırıb və stabil ötürmə təmin edib.
2020-ci ildən bu texnologiyanı inkişaf etdirən şirkət, həm peyklərarası, həm də peyk-Yer rabitəsi üçün kiçik həcmli bir terminal təqdim edib. 2023-cü ildə bu terminal "Jilin-1 02A02" peykinə quraşdırılıb. Şirkət, "Starlink" ilə müqayisədə lazer rabitədə daha irəlidə olduğunu vurğulayıb.
Yeni texnologiya saniyədə 10 yüksək dəqiqlikli filmin ötürülməsi gücünə malikdir. Bu inkişaf, Çinin 6G internet və peyk naviqasiyası kimi sahələrdə mövqeyini daha da gücləndirəcək. Məqsəd 2027-ci ilə qədər 300 peykə lazer rabitə sistemi tətbiq etməkdir.
Emil Bağızadə
14:41 04.01.2025
Oxunuş sayı: 6880