Fəsil dəyişir, xəstəliklər başlayır - özünüzü qoruyun
Son dövrlərdə havanın qısa müddət ərzində kəskin dəyişməsi, temperaturun bir anda yüksəlməsi və ardınca intensiv yağışların müşahidə olunması diqqət çəkir. Mütəxəssislər bu cür hava hadisələrinin iqlim dəyişiklikləri ilə əlaqəli olduğunu bildirirlər. Temperatur artımı atmosferdə buxarlanma və yağıntı proseslərinə təsir etməklə yanaşı, insan sağlamlığına və canlı aləminə də təsirsiz ötüşmür.
Professor, tibb elmləri doktoru Adil Qeybulla Crossmedia.az-a açıqlamasında bildirib ki, müşahidə olunan hava dəyişikliklərinin arxasında iqlim dəyişikliyi dayanır:
“Əslində iqlim dəyişikliyi göz önündədir. Əvvəla, artıq temperaturun 2 dərəcəyə qədər ümumi orta temperaturunun Yer kürəsində artma meyli qeyd edilir. Bu da xeyli coğrafiyaya təsir edir. Belə ki, okeanların və dənizlərin səthindən sürətlə buxarlanma, yenidən onun kondensasiya şəklində, yəni yağış formasında geri qayıtması intensiv yağışların baş verməsinə gətirib çıxarır. Bu gün bu intensiv yağışları biz nəinki ölkəmizdə, hətta dünyanın əksər yerlərində, Avropa ölkələrində və s. görürük.
Təbii ki, bu cür dəyişən iqlim şəraiti havalarda da öz əksini göstərir. Birdən uzun müddət yüksək hava temperaturu okeanların və dənizlərin səthindən buxarlanmanı artırır və göydə həddən artıq su damcıları toplanır, sonra isə onlar yenidən yerə qayıdır. Bunlar, əlbəttə ki, yeni bir situasiya yaradır. Bu, bir tərəfdən Yer kürəsində faunanın və floranın dəyişməsinə gətirib çıxaracaq, canlıların həyatında özünü göstərəcək. Əlbəttə ki, bunlar dəyişməz qala bilməz.

Və biz bütövlükdə atmosfer havasında toplanmış fosil yanacağın son məhsullarının, yəni xüsusilə karbon qazının utilizasiyası haqqında düşünməliyik ki, onu mümkün qədər atmosfer havasından təmizləyək. Özü də bu karbon qazının toplanması pərakəndədir. Ona görə də sənaye şəhərlərində situasiya bir cür özünü göstərir, meşəliklərdə isə başqa cür. Siz son vaxtlar, son illər baş verən intensiv meşə yanğınlarını da görürsünüz. Bunlar təsadüfi deyil. Bütün bunlar coğrafiyaya öz təsirini göstərəcək. Ona görə də havaların müxtəlif keçməsi də bu şəraitdə məntiqli görünür.
Düşünürəm ki, insanlar bu cür hava şəraitində geyimi də düzgün seçməlidirlər, diqqətli olmalıdırlar. Evdə kondisioneri həddən aşağı temperaturda yox, bayırla arasında 7-8 dərəcədən çox olmayan fərq olmaqla tənzimləməlidirlər və s. Yəni ümumi təlimata əməl etməlidirlər ki, bunlar da vacibdir”.
Zeynəb Həsən
16:35 26.08.2026
Oxunuş sayı: 44