Soyuducudakı gizli təhlükə - zəhərlənə bilərsiniz
Soyuducu qidaların daha uzun müddət saxlanmasına imkan versə də, onların təhlükəsizliyini sonsuzadək təmin etmir. Aşağı temperatur mikroorqanizmlərin inkişafını ləngitsə də, onları tamamilə dayandırmır. Bu səbəbdən soyuducuda günlərlə saxlanılan bəzi qidalar görünüşünü və qoxusunu dəyişmədən belə sağlamlıq üçün risk yarada bilər. Xüsusilə bişmiş ət və toyuq, balıq, qiymə, süd məhsulları, yumurtalı yeməklər və mayonezli salatların saxlanma müddətinə diqqət etmək vacibdir. Qidanın xarab olmasını göstərən əlamətlər hər zaman təhlükənin mövcudluğunu müəyyən etməyə kifayət etmir. Buna görə də yalnız qoxuya və görünüşə əsaslanaraq qidanın təhlükəsiz olduğunu düşünmək düzgün deyil. Bəs soyuducuda saxlanılan qidaları nə qədər müddət sonra istehlak etmək təhlükəlidir?
Crossmedia.az-a açıqlamasında qida eksperti Fərid Səfərov bildirib ki, soyuducuda saxlanılan qidaların da müəyyən saxlama müddəti var:
“Aşağı temperatur mikroorqanizmlərin inkişafını ləngitsə də, onları tamamilə dayandırmır. Buna görə də qidaları soyuducuda uzun müddət saxlamaq həm keyfiyyətin pisləşməsinə, həm də qida zəhərlənməsi riskinin artmasına səbəb ola bilər. Xüsusilə bişmiş ət və toyuq məhsulları, balıq və dəniz məhsulları, qiymə, süd və süd məhsulları, yumurta ilə hazırlanmış yeməklər, mayonezli salatlar, qaymaqlı məhsullar və hazır yeməklər uzun müddət saxlanılmamalıdır. Soyuducuda temperaturun 4°C və ya daha aşağı olması tövsiyə edilir. Çiy ət, toyuq və balıq isə digər hazır qidalardan ayrı, mümkün qədər qısa müddətdə istifadə olunmaqla saxlanmalıdır. Qidanın xarab olduğunu göstərən əsas əlamətlərə xoşagəlməz və turşumuş qoxu, rəngin dəyişməsi, səthdə selikli və yapışqan təbəqənin yaranması, kif, qablaşdırmanın şişməsi, mayenin bulanması və dadın dəyişməsi daxildir. Lakin vacib məqam budur ki, bütün təhlükəli mikroorqanizmlər qidanın qoxusunu, dadını və görünüşünü dəyişdirmir. Buna görə də yalnız qidanın görünüşünə və qoxusuna güvənmək olmaz.

Ekspert əlavə edib ki, ümumiyyətlə, düzgün soyudulmuş hazır yeməklərin əksəriyyəti 3–4 gün ərzində istehlak edilməlidir. Yemək bişirildikdən sonra otaq temperaturunda uzun müddət saxlanılmadan soyuducuya yerləşdirilməli, mümkün qədər dayaz qablarda və qapalı şəkildə saxlanmalıdır. Əgər qida otaq temperaturunda təxminən 2 saatdan çox qalıbsa, xüsusilə isti havalarda bu müddət daha da qısalır və onun saxlanılaraq sonradan istehlak edilməsi riskli ola bilər. Ən təhlükəsiz yanaşma “qoxusu normaldırsa, deməli təhlükəsizdir” prinsipinə əsaslanmamaq, saxlama müddətinə, temperatur rejiminə və qidanın hazırlanma şəraitinə diqqət etməkdir. Şübhə yaranarsa, qidanı dadına baxaraq yoxlamaq əvəzinə, istehlak etməmək daha doğrudur”.
Zeynəb Həsən
15:00 25.08.2026
Oxunuş sayı: 45