“XTQ Qəhrəmanlarının İrsi” düşərgəsinin ikinci günü Masallıda keçirilib
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “XTQ Qəhrəmanlarının İrsi” düşərgəsi layihəsinin ikinci günü Masallı rayonunda keçirilib.
Crossmedia.az xəbər verir ki, layihə çərçivəsində iştirakçılar Masallıya səfər ediblər.
Səfər zamanı Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov uşaqlarla görüşüb, onlarla səmimi söhbət aparıb.
Daha sonra iştirakçılar Ulu Öndər Heydər Əliyevin abidəsini və Qəhrəmanlar Parkını ziyarət ediblər. Abidələrin önünə gül dəstələri qoyulub, şəhidlərin və qəhrəmanların ruhlarına dualar oxunub.
Heydər Əliyev Mərkəzində uşaqlar üçün peşəkar uşaq psixoloqu Leyla Hacıyeva tərəfindən maraqlı psixoloji təlim və maarifləndirici qrup işləri təşkil olunub. Təlim zamanı uşaqların psixoloji inkişafı, ünsiyyət bacarıqları və kollektivdə davranışları ilə bağlı müxtəlif interaktiv çalışmalar keçirilib.
Habelə, informasiya təhlükəsizliyi üzrə mütəxəssis Rahim Şükürov tərəfindən uşaqlara informasiya təhlükəsizliyi, sosial mediadan düzgün və təhlükəsiz istifadə, riskli oyunlar, şübhəli linklər və internetdə qarşılaşa biləcəkləri təhlükələr barədə ətraflı məlumat verilib. Uşaqlara rəqəmsal mühitdə təhlükəsiz davranış qaydaları izah edilib.
Səfər çərçivəsində iştirakçılar Masallıda qədim sənət növlərindən biri olan dulusçuluq sənəti ilə də yaxından tanış olublar. Uşaqlara dulusçuluğun tarixi və hazırlanma prosesi haqqında məlumat verilib. Daha sonra iştirakçılar praktiki məşğələdə iştirak edərək öz əlləri ilə müxtəlif gil qablar hazırlayıblar.
Uşaqlar, həmçinin Masallıda qədim sənət növlərindən biri olan həsirçilik sənəti ilə tanış olmaq məqsədilə həsirçilik sənəti evini ziyarət ediblər. Burada onlara həsirçiliyin tarixi, hazırlanma texnologiyası və bu sənətin bölgədəki əhəmiyyəti barədə məlumat verilib. Səfərin sonunda hər bir uşağa həsirdən hazırlanmış müxtəlif hədiyyələr təqdim olunub.
Günün sonunda düşərgə iştirakçıları üçün maraqlı və əyləncəli mədəni gecə təşkil edilib. Mədəni gecə uşaqların asudə vaxtının səmərəli təşkili, onların bir-biri ilə ünsiyyətinin gücləndirilməsi və düşərgə ab-havasının daha da rəngarəng olması baxımından yaddaqalan olub.
“XTQ Qəhrəmanlarının İrsi” layihəsi çərçivəsində təşkil olunan tədbirlər uşaqların milli-mənəvi dəyərlərlə tanışlığı, tarixi irsimizin təbliği, şəxsi inkişafı və müasir çağırışlar barədə maarifləndirilməsi məqsədinə xidmət edir.
17:02 20.08.2026
Oxunuş sayı: 54