Azərbaycanın suyu xaricdən gəlir: Ölkə susuzluq təhlükəsi ilə üz-üzə
Azərbaycanın su təhlükəsizliyi ilə bağlı rəqəmlər ölkənin xarici su mənbələrindən nə qədər asılı olduğunu ortaya qoyur. Ölkənin su ehtiyatlarının təxminən 70 faizi Azərbaycan ərazisindən kənarda formalaşır, yalnız 30 faizi ölkə daxilində yaranır. Bu isə Kür və Araz çayları vasitəsilə Azərbaycana daxil olan transsərhəd sulardan ciddi asılılıq yaradır. Mövcud vəziyyətdə Azərbaycanın illik su istifadəsi yerli su ehtiyatlarının həcmindən əhəmiyyətli dərəcədə çoxdur. Ətraf ölkələrdə suya tələbatın gələcəkdə artması isə Azərbaycana daxil olan suyun azalması riskini yüksəldə bilər. Ekspertlər hesab edir ki, bu səbəbdən transsərhəd çayların istifadəsi və idarə olunması ilə bağlı qonşu ölkələrlə razılaşmaların əldə edilməsi Azərbaycanın su təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır.
Ekoloq Rövşən Abbasov Crossmedia.az-a açıqlamasında bildirib ki, Azərbaycanın su ehtiyatlarının 70 faizinin ölkə xaricində formalaşması ilə bağlı göstərici doğrudur:

“Amma bu, müəyyən çaşqınlıq yaratmamalıdır. Biz bilirik ki, Azərbaycanın su ehtiyatlarının 70 faizi ölkə daxilindən kənarda formalaşır. Yalnız 30 faizi Azərbaycan ərazisində formalaşır. Məsələn, bizim təxminən 23 kubkilometr illik su ehtiyatımız varsa, onun üçdə ikisi, yəni təxminən 15 kubkilometri xarici ölkələrdən gəlir. Yerli ehtiyatlarımız isə 7-8 kubkilometr və daha az olur. İllik su istifadəmiz isə təxminən 12-13 kubkilometrdir. Yəni bu rəqəm yerli su ehtiyatlarımızdan xeyli çoxdur. Buradakı uyğunsuzluq ondan irəli gəlir ki, biz xarici ölkələrdən ərazimizə Kür və Araz çayları vasitəsilə daxil olan su ehtiyatlarından istifadə edirik. Əlbəttə ki, bu, o qədər də yaxşı hal deyil. Bu o deməkdir ki, biz Kür və Araz çayları vasitəsilə ölkəmizə gələn su ehtiyatlarından çox asılıyıq və bu su ehtiyatları olmadan su təhlükəsizliyimizi təmin edə bilmərik. Digər məsələ isə odur ki, gələcəkdə suyun Azərbaycana daxil olduğu ölkələrdə suya olan tələbat arta bilər. Onlar daha çox su götürə və nəticədə bizə daha az su gələ bilər. Bu, əlbəttə ki, çox təhlükəli istiqamətdir. Ona görə də Azərbaycan xarici ölkələrlə, yəni Gürcüstan, Türkiyə və Ermənistanla birbaşa danışıqlara getməlidir. İkitərəfli razılaşmalar çərçivəsində su ehtiyatlarından istifadənin, Kür və Araz çaylarında, eləcə də digər transsərhəd çaylarımızda su ehtiyatlarının idarə olunmasının müzakirə edilməsi və müəyyən razılaşmaların əldə olunması vacibdir”.
Zeynəb Həsən
19:00 19.08.2026
Oxunuş sayı: 50