Soyuducuya qoyduğunuz yemək sizi zəhərləyə bilər
Yay aylarında qidaların saxlanma qaydalarına əməl etmək sağlamlıq baxımından daha böyük əhəmiyyət daşıyır. Xüsusilə isti havalarda bakteriyalar qida məhsullarında daha sürətlə çoxalaraq qida zəhərlənmələrinə və infeksiyalara səbəb ola bilər. Təzə və mövsümi qidaların istehlakı orqanizm üçün daha faydalı hesab olunsa da, ət, toyuq, balıq və hazır yeməklərin soyuducuda düzgün saxlanılması da mümkündür. Lakin qidanın dəfələrlə dondurulub əridilməsi, bütün yeməyin təkrar-təkrar qızdırılması və uzun müddət otaq temperaturunda saxlanılması ciddi risk yarada bilər. Mütəxəssislər bildirirlər ki, xüsusilə yayda qidanın necə saxlanılması qədər, onun soyuducudan çıxarıldıqdan sonra necə istifadə edilməsi də vacibdir.
Terapevt Sulduz Əhmədova Crossmedia.az-a açıqlamasında bildirib ki, ən faydalı qidalar təzə və mövsümə uyğun olanlardır:
“Təzə qidalar, yəni soyuducuya girməmişdən əvvəl istifadə olunan qidalar bütün qida dəyərlərini – vitaminləri, mineralları və digər faydalı maddələri qoruyur. Onları istehlak etmək, sağlamlıq üçün ən vacibdir. Təzə, mövsümə uyğun, soyuducuya girməmiş qidalar, o cümlədən mövsümi meyvə və tərəvəzlər daha məqsədəuyğundur.
Soyuducuda saxlanılan qidalara gəldikdə isə, ət məhsulları, toyuq və balıq dondurucuda müəyyən müddət qala bilər və bunun ziyanı yoxdur. Bir şərtlə ki, həmin qidalar dəfələrlə dondurucudan çıxarılıb əridilməsin və yenidən dondurulmasın. Qidaları elə porsiyalara bölmək lazımdır ki, soyuducudan çıxardıqdan sonra bir dəfə istifadə olunsun. Əridilmiş qidanın yenidən dondurulması orqanizm üçün təhlükəli ola bilər, qida dəyərinin itirilməsinə və infeksiyalaşmasına səbəb ola bilər”.
Həkim qeyd edib ki, hazır xörəklərin soyuducuda bir-iki gün saxlanmasının ziyanı yoxdur: “Lakin qidanı yemək üçün qızdırırıqsa, hamısını deyil, yalnız ehtiyacımız olan miqdarı qızdırmalıyıq. Həmin qidanın hamısını qızdırıb yenidən soyuducuya qoymaq təhlükəlidir və qida intoksikasiyasına səbəb ola bilər.
Ümumiyyətlə, yay aylarında qidaların uzun müddət açıq havada saxlanılması orqanizm üçün təhlükəlidir. Çünki isti havalarda qida toksikoinfeksiyaları daha çox müşahidə olunur. Bakteriyalar hazır qida məhsullarında çox qısa müddətdə sürətlə çoxalaraq qida toksikoinfeksiyalarına səbəb ola bilər.
Hazır qidanı soyuducuya qoyub ertəsi gün istifadə ediriksə və onu təkrar soyuducuya qaytarmırıqsa, bunun ciddi ziyanı yoxdur. Əlbəttə ki, orqanizm üçün ən yaxşı qida təzə hazırlanaraq istehlak edilən qidalardır. Lakin zərurət yarandıqda qidanı soyuducuda düzgün saxlayaraq sonradan istehlak etmək də mümkündür”.
Zeynəb Həsən
16:00 19.08.2026
Oxunuş sayı: 54