Azərbaycanda hər iki ailədən biri dağılır
Azərbaycanda ailə qurmaq istəyənlərin sayı azalır, boşanmaların nikahlara nisbəti isə artıq 50 faizi ötüb. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin ilk altı ayında ölkədə 19 224 nikah və 9 776 boşanma halı qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə nikahların sayı 5 min azalıb. Boşanmaların sayında da azalma olsa da, bu göstəricinin cüzi olması səbəbindən onu hələlik davamlı müsbət tendensiya kimi qiymətləndirmək çətindir. Mütəxəssislər hesab edir ki, ailələrin dağılmasına yalnız bir səbəb təsir etmir: maddi və sosial çətinliklərlə yanaşı, cütlüklər arasındakı psixoloji və mənəvi problemlər də mühüm rol oynayır. Sosioloq Mail Yaqubun sözlərinə görə, nikah və boşanmaların mövcud nisbəti artıq Azərbaycan cəmiyyəti üçün “həyəcan təbili” hesab edilməlidir.
Sosioloq Mail Yaqub Crossmedia.az-a açıqlamasında bildirib ki, nikahların sayında əhəmiyyətli azalma müşahidə olunur: “Nikaha girənlərin sayında xeyli azalma var. Ötən illə müqayisədə ilin ilk altı ayında 5 min azalma qeydə alınıb. Boşananların sayının azalması isə çox cüzi rəqəmdir. Yəni hələ tez mühakimə etmək olmaz.
Şübhəsiz ki, bu istiqamətdə tənqidi yanaşmaların cütlüklərə təsiri ola bilər. Amma digər amil də ondan ibarətdir ki, biz artıq pik həddə çatmışıq. Yəni bəzi göstəricilərdə nikaha daxil olanlarla boşananların sayı arasındakı nisbət 50 faizi keçib. Bu, kifayət qədər yüksək rəqəmdir. Bundan sonrakı artım olmasa belə, göstəricinin elə bu səviyyədə qalması bizim üçün çox yüksək rəqəmdir. Yəni hər iki ailədən biri boşanır.

Ona görə mən bu istiqamətdə fəaliyyətlərin çox olduğunu düşünmürəm. Azərbaycanda boşanmaların sayının azalması üçün ciddi addımlar atılmır. Əksinə, sanki ailələri boşanmaya sövq edən obyektiv və subyektiv səbəblər artır.
Bu isə hamımız üçün həyəcan təbilidir. Həm obyektiv, həm də subyektiv səbəblər aradan qaldırılmalıdır. Obyektiv səbəblər nədir? Maddi və sosial problemlər. Bəs subyektiv səbəblər nədir? Cütlüklərin bir-birinə qarşı əxlaqi və psixoloji davranışları.
Hər iki problem aradan qaldırılmalı və hər iki istiqamətdə iş görülməlidir”.
Zeynəb Həsən
15:00 19.08.2026
Oxunuş sayı: 61