Mikayıl Müşfiq öldürülməyib, Türkiyəyə casus kimi göndərilib - Şok detallar
Azərbaycan repressiya qurbanlarından olan Mikayışl Müşfiqin öldürülməməsi, əslində Moskvaya qaçırılması iddiası ilə bağlı araşdırmam davam edir. Bu dəfəki müsahibim, Azərbaycan repressiya qurbanlarının qatillərindən biri ilə müsahibə aparan, və onun dilindən Mikayıl Müşfiqlə bağlı məlumat alan Həmid Herisçidir.
Yazıçı Həmid Herisçi Crossmedia.az-a açıqlamasında qeyd edib ki, Düdənginskinin işinə rəhbərlik edən şəxs məni yanına çağırdı: “O vaxt 8-ci kilometr bazarı tərəfdə qalırdı. O, mənə həmin dövrün hadisələrini, xüsusən də Düdənginskinin öldürülməsi planlarını danışırdı. Ancaq bəzi detallar o qədər fantastik idi ki, mən Müşfiqlə bağlı deyilənlərə o qədər də fikir vermədim. Mənə “Müşfiq ölməyib” söhbəti bir az fantastik görünürdü. O vaxt mən öz-özümə fikirləşirdim ki, bu necə ola bilər? Böyük Qərbdə “fiks-bioqrafiya” adlı bir janr var, yəni alternativ bioqrafiya. Mənə elə gəlir ki, bu söz hələlik həmin fiks-bioqrafiya çərçivəsindədir. Yəni bunu dokumentalistikaya o vaxt gətirmək olar ki, bunun bir sənədi olsun. O kişi belə bir söz demişdi, amma o da çox dumanlı şəkildə mənim yadımda qalıb. Mənim yadımda qalan budur ki, 2006-cı ildə görüşdük və o deyirdi ki, “Mikayıl Müşfiq öldürülməyib”.

H.Herisçi əlavə edib ki, bu mənə əcaib göründü: “Düşünürdüm ki, bu nə sözdür? Amma nə onun öldürülməsi ilə bağlı, nə də ölməməsi ilə bağlı sənəd var. Sözsüz ki, əgər ölməyibsə, onun imzasız və ya başqa imza ilə çıxan əsərləri olmalıdır. Məsələn, belə əsərlər ola bilər. Əgər onun MTN-də güllələnməsi haqqında sənəd yoxdursa, o məsələni çox ciddi araşdırmaq olar.
Çünki onun cinayət qovluğu olsa da ölüm kağızı yoxdur. Ziya Bünyadovun “Qırmızı terror” kitabında da bu haqda qeyd edilib. O, kitabda var ki, Müşfiq repressiyaya məruz qalıb, cinayət işi var. Ancaq onun öldürülməsi haqqında sənəd yoxdur. Yaxud əgər güllələnməyibsə, ona qarşı başqa bir iş keçirilibsə, onun adı dəyişdirilibsə, müəyyən estetik əməliyyatlara məruz qala bilər və başqa yerdə istifadə oluna bilər. Məncə, Türkiyədə. O, bir şərtlə güllələnməyə bilərdi ki, onu xarici kəşfiyyat öz məqsədləri üçün Türkiyədə istifadə edə bilərdi. Ən çox Türkiyədə edə bilərdilər. Çünki o dövrdə Sovet Rusiyası və Türkiyə arasında münasibətlər pis idi”.
Araşdırma davam edir…
Ayhan
14:30 19.08.2026
Oxunuş sayı: 59