Şəkərin heç bilmədiyiniz zərərləri - ürək xəstəliyi tapa bilərsiniz
Şirniyyat və şəkərli qidaların həddindən artıq istehlakı sağlamlıq üçün müxtəlif risklər yarada bilər. Xüsusilə gündəlik qida rasionunda şəkərin normadan artıq olması çəki artımı və digər sağlamlıq problemləri ilə əlaqələndirilir. Bəs şirniyyatların orqanizmə təsiri necədir və sağlamlıq üçün gündəlik nə qədər şirniyyat qəbul etmək məqsədəuyğundur?
Mövzu ilə bağlı qida eksperti Fərid Səfərov Crossmedia.az-a açıqlamasında bildirib ki, şirniyyat və şəkərli qidaların həddindən artıq istehlakı ilk növbədə gündəlik enerji qəbulunu artırır: “Orqanizmin ehtiyacından artıq enerji qəbul edilməsi zamanla çəki artımına və piylənməyə səbəb ola bilər. Bundan əlavə, çox miqdarda əlavə şəkər qəbulunun tip 2 şəkərli diabet, ürək-damar xəstəlikləri və diş kariyesi riskinin artması ilə əlaqəsi göstərilir. Xüsusilə qazlı və şəkərli içkilər, şokolad, konfet, tort, peçenye və digər yüksək şəkərli məhsullar tez-tez və böyük porsiyalarda qəbul edildikdə problem yaradır. Əsas məsələ şirniyyatı tamamilə qadağan etmək deyil, onun miqdarına və qəbul tezliyinə nəzarət etməkdir. Ümumdünya Səhiyyə Təşkilatı sərbəst şəkərlərin gündəlik enerji qəbulunun 10 faizindən az olmasını, mümkün olduqda isə 5 faizdən aşağı saxlanılmasını tövsiyə edir. Böyüklər üçün bu, təxminən gündə 25–50 qram şəkərə uyğun gəlir. Buraya yalnız çaya əlavə edilən şəkər deyil, hazır məhsulların tərkibində olan əlavə şəkərlər də daxildir”.

F.Səfərovun sözlərinə görə, gündəlik qidalanmada şirniyyat əsas qida mənbəyi kimi deyil, kiçik porsiyada və ara-sıra qəbul edilən məhsul kimi nəzərdə tutulmalıdır: “Meyvə, tərəvəz, tam taxıllı məhsullar və zülal mənbələri rasionda daha böyük yer tutmalıdır. Xüsusilə uşaqlarda şirin qidaların mükafat kimi tez-tez verilməsi düzgün yanaşma deyil. Erkən yaşdan balanslı qidalanma vərdişlərinin formalaşdırılması daha vacibdir. Məhsulun üzərində “şəkərsiz” və ya “təbii” yazılması onun avtomatik olaraq sağlam olduğu anlamına gəlmir. Məhsulun ümumi enerji dəyərinə, şəkər miqdarına və digər qida komponentlərinə də diqqət yetirmək lazımdır. Əsas prinsip şirniyyatı tamamilə həyatdan çıxarmaq deyil, miqdarı, tezliyi və ümumi qidalanma balansını nəzarətdə saxlamaqdır”.
Zərnigar Hüseynli
14:00 19.08.2026
Oxunuş sayı: 42