Ailə rifahı üçün büdcəni qadın idarə etməlidir
Bir çox ailədə qadının iqtisadi vəziyyəti ailədaxili münasibətlərə və qərarvermə prosesinə təsir edən amillərdən biri kimi qiymətləndirilir. Qadının maliyyə məsələlərində müstəqil olması və ya ailənin iqtisadi yükünün böyük hissəsini üzərinə götürməsi isə ailə daxilində həm üstünlüklər, həm də müəyyən fikir ayrılıqları yarada bilər. Bəs qadının iqtisadi azadlığı ailədə hansı problemlərə yol aça bilər? Ailə büdcəsinin idarə olunmasında qadın və kişinin rolu necə bölüşdürülməlidir?
Mövzu ilə bağlı sosioloq Əhməd Rəhmanov Crossmedia.az-a açıqlamasında bildirib ki, qadın və kişini maliyyə məsələlərində ümumi şəkildə müqayisə etmək düzgün deyil. Onun sözlərinə görə, bu məsələdə insanın aldığı tərbiyə, böyüdüyü mühit və psixoloji vəziyyəti əsas rol oynayır: “İstər qadın, istər kişi olsun, hər hansı maliyyə məsələsinə gəldikdə, insanın aldığı tərbiyədən, böyüdüyü mühitdən və hazırkı psixoloji durumundan çox nüans asılıdır. Elə qadın var ki, müəyyən maliyyə məsələlərində kişidən daha üstündür. Ona görə qadın və kişini ümumi şəkildə müqayisə etmək düzgün deyil. Hər bir insan fərdi şəkildə qiymətləndirilməlidir”.

Sosioloq qeyd edib ki, ailə büdcəsinin idarə olunmasında da konkret olaraq qadın və ya kişinin üstün tutulması doğru yanaşma deyil: “Ailə elə bir institutdur ki, burada insanın üzərinə böyük məsuliyyət düşür. Məsələn, bizim ailədə, mənim anam hər məsələni idarə edib. Deyim ki, düzgün olmayıb? Xeyr. Mən çox ailə tanıyıram ki, bütün maliyyə məsələlərini qadın idarə edir və bu, ailənin rifahına müsbət təsir göstərir. Yəni burada hansısa ümumi yanaşma götürmək düzgün deyil. Hər bir insanın maliyyə məsələlərində onun böyüdüyü mühit, aldığı tərbiyə və bugünkü psixoloji durumu əsas götürülməlidir”.
Zərnigar Hüseynli
12:30 19.08.2026
Oxunuş sayı: 71