İqlim dəyişikliyinin qarşısını heç cür almaq olmur - Rəy
Son günlər Azərbaycanda hava şəraitinin tez-tez dəyişməsi, bəzi ərazilərdə yağış, külək və temperatur fərqlərinin müşahidə olunması diqqət çəkir. Milli Hidrometeorologiya Xidmətinin son proqnozlarında da ölkənin ayrı-ayrı rayonlarında dəyişkən hava şəraiti və yağıntı ehtimalı qeyd olunur. Bəs havaların belə dəyişkən keçməsinin əsas səbəbləri nələrdir və bu hava şəraiti nə vaxta qədər davam edə bilər?
Mövzu ilə bağlı ekoloq Qorxmaz İbrahimli Crossmedia.az-a açıqlamasında bildirib ki, havaların dəyişkən keçməsi iqlim dəyişiklikləri fonunda normal haldır: “Bu il, hava çox yağıntılı keçdi. Yaz soyuq oldu, yay sərin başladı və elə sərin də davam edir. Avqust ayında da hava yağıntılı və küləklidir. Ölkənin bütün rayonlarında demək olar ki, dəyişkən hava müşahidə olunur — bir gün yağıntı, bir gün isti hava olur. Normaldır, hesab edirəm ki, bu, normal hava şəraitidir. Çünki iqlim dəyişikliklərinin fonunda belə hallar baş verir. Vaxt gələcək, daha da isti olacaq. Bu il belə gəldi. O baxımdan narahatçılığa əsas yoxdur, alışmaq lazımdır. Ətraf mühiti qorumaq, yaşıllıqları qorumaq və artırmaq lazımdır”.

Ekoloq qeyd edib ki, təbiətdə dəyişikliklər daim baş verir və insanlar bu dəyişiklikləri xüsusilə iqlim dəyişiklikləri fonunda daha çox hiss etməyə başlayıblar: “Təbiət zamanla dəyişir. Biz onu hiss etmirik. İndi istilər artdıqda hiss edirik. Milyard ildir Yer kürəsi var və hər an Yer kürəsində dəyişikliklər gedir. Sadəcə iqlim dəyişiklikləri fonunda biz dəyişikliyi hiss etdiyimizə görə bir qədər narazı və narahatıq. Hər şey qaydasında davam edir. İstiliyin qarşısını ala bilmədiyimiz kimi, iqlim dəyişikliyinin qarşısını ala bilmədiyimiz kimi, başqa da nəsə edə bilmərik. Ona görə yaşıllıqları artırmaq, suya qənaət etmək, təbiəti qorumaq lazımdır ki, qismən normal şəraitimiz olsun”.
Zərnigar Hüseynli
11:00 19.08.2026
Oxunuş sayı: 54