Demoqrafik böhran dərinləşir - həyəcan təbili çalınır
Müasir dövrdə ailə quran insanların bir qismi övlad sahibi olmağa əvvəlki nəsillərlə müqayisədə daha az meyil göstərir. Bu tendensiya əhali artımının zəifləməsi ilə yanaşı, demoqrafik böhranın dərinləşməsinə səbəb olan amillərdən biridir. Artıq müəyyən dövr keçdikdən sonra bir çox sahədə demoqrafiq böhranın ciddi nəticələri özünü göstərəcək. Bəs bu demoqrafik böhrana səbəb nədir? Gənclər nə üçün övlad sahibi olmaq istəmir?
Mövzu ilə bağlı sosioloq Əhməd Rəhmənov Crossmedia.az-a bildirib ki, övlad dünyaya gətirmək məsələsi insanın hansı mühitdə və cəmiyyətdə böyüməsindən asılı olaraq fərqlənir.
Onun sözlərinə görə, Şərq ölkələrində insanlar yaşadıqları mühitə və cəmiyyətə arxayın olmadıqları üçün daha çox övlad dünyaya gətirirdilər. Məqsəd ailə daxilində kiçik bir sosial çevrə yaratmaq, uşaqlar böyüdükdə onların valideynlərinə və bir-birinə dayaq olmalarını təmin etmək idi: “Bəzi ölkələrdə sosializm quruluşunun təsiri ilə həmin ailələrdə uşaqların sayı əvvəlki 10 uşaqdan 7-8 uşağa qədər azaldı. Bu zaman insanlara motivasiya verən artıq insanın yaşadığı cəmiyyət oldu. Elə Azərbaycanı götürək, dağ rayonlarında belə uşaq bağçaları açıldı. İnsanlarda az da olsa sosial sabitlik yarandığından bir-birinə olan münasibət də dəyişdi. Mənəvi dəyərlər oyanmağa başladı. Valideyn artıq tək olmadığını anladığından ailələrdə yenə də çox uşaq dünyaya gəlirdi”.

Sosioloq qeyd edib ki, müasir dövrdə isə sosial və iqtisadi münasibətlərin dəyişməsi insanların övlad sahibi olmaq qərarına ciddi təsir göstərir: “Bu gün biz artıq kapitalizmin pik nöqtəsindəyik. Mənəvi dəyərlər artıq maddiyyata söykənir. Bu isə o deməkdir ki, ölkədəki sosial durum əsas amildir. Bu gün övlad dünyaya gətirən valideyn cəngəllik içində tək qalmış insana bənzəyir. Əvvəlki kimi qohum bağlılığı yoxdur. Hərə öz qazancı ilə məşğuldur. Mənəvi dəyərlər yoxdur. Əvvəlki kimi dövlət tərəfindən dəstək yoxdur. Dövlət tərəfindən maliyyələşən uşaq bağçaları da yoxdur. İnsanlar böyük şəhərlərin ətrafında toplandığından işçi qüvvəsi ucuzdur. Odur ki, insanlarda sabaha olan ümid azalır. Belə bir şəraitdə insanda yenidən özünümüdafiə hissi baş qaldırır. Ya gərək bütün çətinliklərə dözüb yenidən ailə podratçısı olmalısan, ya da eqoist hisslərlə yaşayıb bu gündən sabahı özünü qorumalı, yəni özü üçün yaşamalısan. Təəssüf ki, bu gün biz bir cəmiyyət kimi özümüz üçün yaşamağa üstünlük veririk. Dövlət-vətəndaş münasibətləri də bu məsələdə mühüm rol oynayır".
Zərnigar Hüseynli
13:05 18.08.2026
Oxunuş sayı: 48