CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: polis müdaxiləsi

20:34 18.10.2026

Fransada etirazlar ölkəni silkələdi: 2 mindən çox saxlanılan, yüzlərlə yaralı!

101

Fransada yaşayış xərclərinin artmasına qarşı keçirilən kütləvi etiraz aksiyaları yenidən qarşıdurmalarla müşayiət olunub. Parisin mərkəzində polis nümayişçilərə qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib. Crossmedia.az xəbər verir ki, bu barədə Fransanın “Le Parisien” nəşri məlumat yayıb. Bildirilib ki, sosial şəbəkələrdə yayılan çağırışlardan sonra nümayişçilər Parisin Respublika meydanına toplaşıblar. Aksiya zamanı bəzi etirazçılar barrikadalar qurub, yaxınlıqdakı İv-Tudik küçəsində isə yanğın baş verib. Polis etirazçıları dağıtmaq üçün müdaxilə edib və bir neçə nəfər saxlanılıb. Fransanın daxili işlər naziri Loran Nunes bildirib ki, şənbə günü ölkə üzrə keçirilən etiraz aksiyaları zamanı saxlanılanların sayı 2 mini ötüb. Nazirin sözlərinə görə, qarşıdurmalarda 600-dən çox polis əməkdaşı, jandarm və yanğınsöndürən xəsarət alıb. Yaralıların sayının artacağı istisna edilmir. Etirazlar zamanı müxtəlif şəhərlərdə dövlət binalarına və ticarət obyektlərinə hücumlar təşkil edildiyi bildirilir. Paytaxt Parisdə nümayiş iştirakçılarından biri ürək və tənəffüs fəaliyyətinin dayanması nəticəsində həyatını itirib. Ölkənin Limoj şəhərində isə tarixi meriya binasında baş verən yanğın böyük dağıntılara səbəb olub. Yuxarı Vyenna departamentinin prefekti Moris Barat bildirib ki, yanğın demək olar söndürülsə də, binanın tarixi hissəsinin böyük əksəriyyəti məhv olub. Baş nazir Sebastyen Lekornü şəhərə dövlət tərəfindən maliyyə yardımı göstəriləcəyini, dövlət xidmətlərinin davamlılığının təmin olunacağını və bərpa işlərinin sürətləndiriləcəyini açıqlayıb. Məlumata görə, şənbə günü keçirilən nümayişlərə həmkarlar ittifaqları, “Sarı jiletlilər” hərəkatının üzvləri, tələbələr və fermerlər qatılıblar. Fransa Daxili İşlər Nazirliyi aksiyalarda 550 min nəfərin iştirak etdiyini açıqlasa da, CGT həmkarlar ittifaqı bu rəqəmin təxminən 800 min olduğunu bildirib. Sent-Etyen şəhərində etirazlar zamanı azyaşlının qumbara partlayışı nəticəsində əlini itirməsi ilə bağlı da araşdırma başlanılıb. Hadisə polis və jandarm qüvvələrinin fəaliyyətinə nəzarət edən qurumlar tərəfindən araşdırılır. Fransa Prezidenti Emmanuel Makronun bazar günü saat 20:00-da xalqa müraciət edəcəyi gözlənilir. O, çıxışından əvvəl Baş nazir Sebastyen Lekornü və aidiyyəti nazirlərlə görüş keçirəcək. Hökumətin böhranla bağlı fövqəladə iclası isə bazar ertəsi saat 10:00-a təxirə salınıb. Fransa Merlər Assosiasiyası dövlət binalarına hücumlara etiraz olaraq bazar ertəsi günorta saatlarında meriyalar qarşısında toplantılar keçirilməsinə çağırıb.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR