CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: Nabil Fəhmi

15:39 19.10.2026

Livan Prezidenti İsraili razılaşmanın şərtlərini pozmaqda ittiham edib

60

Livan Prezidenti Cozef Aun İsrailin ABŞ-nin vasitəçiliyi ilə iyun ayında imzalanmış çərçivə sazişinin şərtlərinə əməl etmədiyini və ölkənin cənubunda hər gün pozuntular törətdiyini bildirib. Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Aun bu barədə Beyrutun şərqində yerləşən Baabda Prezident Sarayında Ərəb Liqasının Baş katibi Nabil Fəhmi ilə görüşü zamanı danışıb. Livan Prezident Administrasiyasının yaydığı məlumata görə, dövlət başçısı İsrailin hərəkətlərinin Livanın cənubunda vəziyyəti gərginləşdirdiyini vurğulayıb. "İsrail tərəfi çərçivə sazişinə əməl etmir və ölkənin cənubunda hər gün pozuntular davam edir", – deyə Aun bildirib. Prezident qeyd edib ki, İsrailin davam edən hərəkətləri qarşıya qoyulan məqsədlərə nail olmağa imkan verməyəcək, əksinə, Livan xalqının öz torpaqlarını və hüquqlarını müdafiə etmək əzmini daha da gücləndirəcək. Onun sözlərinə görə, davam edən pozuntular Livan dövlətinin müəyyən etdiyi məqsədlərin həyata keçirilməsinə mane olur. Aun mövcud çətinliklərə baxmayaraq, Livanın münaqişənin diplomatik yollarla həllinə sadiq qaldığını vurğulayıb. O bildirib ki, diplomatik həll dağıdıcı müharibə ilə müqayisədə daha az itkiyə səbəb ola bilər. "Livanın artıq sülh şəraitində yaşamasının vaxtı çatıb", – deyə dövlət başçısı əlavə edib. Prezident Livanın üzləşdiyi mürəkkəb vəziyyətin aradan qaldırılması üçün Ərəb Liqasının göstərə biləcəyi istənilən dəstəyi alqışladığını da bildirib. Öz növbəsində, Ərəb Liqasının Baş katibi Nabil Fəhmi təşkilatın Livan dövlətinə və onun institutlarına dəstəyini bir daha təsdiqləyib. O, ölkənin suverenliyinə yönəlmiş hər hansı müdaxilənin qəbuledilməz olduğunu vurğulayıb. Fəhmi Livana siyasi və maliyyə dəstəyinin səfərbər edilməsi məqsədilə ərəb və Qərb ölkələri ilə əməkdaşlığa hazır olduqlarını bildirib. Baş katib qeyd edib ki, ərəb ölkələrinin Livanla bağlı mövqeyi vahiddir və təşkilat bu dəstəyi konkret tədbirlərə və maliyyə yardımına çevirmək istiqamətində fəaliyyət göstərir. Qeyd edək ki, martın 2-dən etibarən İsrailin Livana hücumları nəticəsində minlərlə insan ölüb və yaralanıb, 1,5 milyondan çox sakin yaşayış yerini tərk etmək məcburiyyətində qalıb. İyunun 26-da Livan və İsrail arasında ABŞ-nin vasitəçiliyi ilə çərçivə sazişi imzalanıb. Razılaşma İsrail qüvvələrinin Livan ərazilərindən mərhələli şəkildə çıxarılmasını, Livan ordusunun həmin ərazilərdə yerləşdirilməsini və "Hizbullah"ın tərksilah edilməsini nəzərdə tutur. Buna baxmayaraq, İsrail qüvvələri Livanın cənubunda hərbi əməliyyatları davam etdirir və ölkə ərazisinin bir hissəsində mövqelərini saxlayır.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR