Rusiya Ermənistanın silahlandırılmasına şərait yaratmamalıdır
Ermənistanın silahlandırılması məsələsi yenidən beynəlxalq diqqətin mərkəzinə keçib. Vaxtilə Rusiya tərəfindən dəstəklənən silah tədarükləri indi Avropa və Qərb ölkələrindən gəlir. Bu dəyişiklik bölgədə yeni gərginliklərə yol açır.
Mövzu ilə bağlı Trend Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini, siyasi şərhçi Sahil Kərimli Crossmedia.az-a açıqlamasında bildirib ki, Ermənistanın silahlandırılması prosesi əvvəlki illərdə Rusiya tərəfindən də həyata keçirildi.
“Rusiya Ermənistana xeyli sayda silah-sursat vermişdi. Amma sonrakı dövrdə Rusiya bu prosesi müəyyən qədər dayandırdı və Ermənistanın silahlandırılması prosesinə ara verildi. Rusiyada yaxşı anlayırlar ki, Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin qorunub saxlanılması üçün Ermənistanın silahlandırılması dayandırılmalıdır. Çünki bu gün Ermənistan kifayət qədər Avropa ölkələrindən və Qərb dairələrindən silah-sursat tədarük edir və bu da bölgədə yeni münaqişə və müharibənin yaranmasına gətirib çıxara bilər”.
Həmçinin ekspert vurğulayıb ki, Rusiya haqlı olaraq Ermənistana silah satışını dayandırıb.
“Məlumdur ki, bölgədə yeni siyasi reallıqlar yaranıb. Bu gün Azərbaycanla Rusiya müttəfiqdir və bu baxımdan müttəfiqlik öhdəliklərinin yerinə yetirilməsi çox vacib amillərdən biridir. Rusiya, Azərbaycanın müttəfiqi kimi, Ermənistanın silahlandırılmasına şərait yaratmamalıdır”.
Samirə Şərif
19:15 27.12.2024
Oxunuş sayı: 4381