Zelenski Qərbə müraciət etdi: Onun çağırışına cavab verən olacaq?
Ukraynada müharibə davam etdikcə rəsmi Kiyev Qərb müttəfiqlərindən hərbi və siyasi dəstəyin artırılmasını tələb edir. Prezident Volodimir Zelenskinin "Patriot" sistemləri üçün raket tədarükü və Rusiyaya qarşı yeni sanksiyalarla bağlı çağırışı münaqişənin gələcək gedişi ilə bağlı diqqət çəkən mesaj kimi qiymətləndirilir.
Siyasi şərhçi Nigar Allahverdiyeva Crossmedia.az-a açıqlamasında bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin Qərb tərəfdaşlarına ünvanladığı "Patriot" raketləri, hava hücumundan müdafiə sistemləri və Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi ilə bağlı çağırışlar həm taktiki, həm də strateji zərurətdən irəli gəlir.

Ekspertin fikrincə, Kiyevin hərbi yardım tələbləri Qərb tərəfindən dəstəklənsə də, silah tədarükü müəyyən obyektiv səbəblərdən gecikir:
"Ukraynanın hərbi yardım çağırışları prinsip etibarilə dəstəklənir. Lakin mövcud anbar ehtiyatlarının azalması və hərbi-bürokratik prosedurlar yardımın müəyyən ləngimələrlə çatdırılmasına səbəb olur. Buna baxmayaraq, kritik infrastruktura hücumların intensivləşməsi müttəfiqləri yeni yardım paketlərini operativ şəkildə təsdiqləməyə vadar edir".
N.Allahverdiyevanın sözlərinə görə, Qərblə əməkdaşlıq artıq yalnız silah tədarükü ilə məhdudlaşmır:
"Vaşinqton və Avropa tərəfdaşları ilə aparılan danışıqlar göstərir ki, əməkdaşlıq artıq hazır sursat göndərilməsindən daha geniş mərhələyə keçib. Buraya hava hücumundan müdafiə sistemlərinin komponentləri və raketlərin birgə lisenziyalı istehsalı kimi uzunmüddətli hərbi-sənaye əməkdaşlığı da daxildir".
Siyasi şərhçi qeyd edib ki, Zelenskinin sanksiyalarla bağlı çağırışları yeni məhdudiyyətlərdən daha çox mövcud mexanizmlərin effektivliyinin artırılmasına hesablanıb:
"Burada əsas məqsəd yeni sanksiyalar tətbiq etməkdən çox, üçüncü ölkələr vasitəsilə ikili təyinatlı malların və mikroelektronikanın Rusiyaya çatdırılması yollarını bağlamaq, mövcud sanksiya rejimindəki boşluqları aradan qaldırmaqdır".
Ekspert vurğulayıb ki, Ukrayna uzunmüddətli perspektivdə müdafiə imkanlarını daxili istehsal hesabına gücləndirməyə çalışır: "Ukrayna təhlükəsizliyini yalnız xaricdən gələn yardım paketləri üzərində qurmaq istəmir. Məqsəd birgə istehsal, texnologiya transferi və yerli sənaye imkanlarını inkişaf etdirməklə davamlı müdafiə sistemi formalaşdırmaqdır. Bu yanaşma Qərbin Rusiyaya münasibətdə strateji xəttini dəyişməsə də, Ukraynanın müqavimət qabiliyyətinin qorunmasına xidmət edir. Bu addımlar Qərbin Rusiyaya qarşı siyasətində köklü dəyişiklik yaratmır. Lakin “yıpratma” müharibəsi şəraitində Ukraynanın müdafiə dayanıqlığını saxlamağa və Moskvaya qarşı iqtisadi-hərbi təzyiq mexanizmlərinin davamlılığını təmin etməyə xidmət edir".
Nigar Xəlilli
10:30 05.08.2026
Oxunuş sayı: 48