Siqnal verildi: Belarus da müharibəyə başlaya bilər
Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir vaxtda region ölkələri də sərhəd təhlükəsizliyi ilə bağlı addımlarını sürətləndirirlər. Xüsusilə Belarusun Ukrayna ilə həmsərhəd ərazilərdə hərbi mövcudluğunu gücləndirməsi bölgədəki təhlükəsizlik balansı baxımından diqqətlə izlənilir. Rəsmi Minsk bu addımları müdafiə məqsədli tədbir kimi təqdim etsə də, proses regional hərbi-siyasi vəziyyətlə bağlı yeni müzakirələrə yol açır. Bu çərçivədə Belarus Qomel vilayətində yeni desant-hücum briqadasının yaradılması prosesini başa çatdırdığını açıqlayıb.
Hərbi ekspert Şair Ramaldanov Crossmedia.az-a açıqlamasında bildirib ki, Belarusun son dövrdə hərbi potensialını gücləndirməsi və yeni təhlükəsizlik tədbirləri həyata keçirməsi regiondakı mövcud geosiyasi vəziyyət fonunda qiymətləndirilməlidir.

Ekspertin fikrincə, hər bir dövlət kimi Belarus da təhlükəsizliyini təmin etmək üçün mövcud riskləri nəzərə alaraq addımlar atır:
"Rusiyanın Ukraynaya qarşı müharibəsi artıq üç ildən çoxdur davam edir. Belə bir şəraitdə Belarusun təhlükəsizlik tədbirlərini gücləndirməsi və yeni hərbi birləşmələr yaratması təbii prosesdir. Son illər Belarusla Ukrayna arasında siyasi və hərbi gərginlik də artıb. Ukrayna Prezidenti Volodimir Zelenski Belarus ərazisində yerləşdirilən radar sistemləri ilə bağlı sərt xəbərdarlıqlar səsləndirib. Bu cür bəyanatlar təbii olaraq Belarusun təhlükəsizlik narahatlıqlarını artırır".
Hərbi ekspert bildirib ki, Belarusun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzvü olması da onun atdığı addımlara təsir göstərən əsas amillərdəndir:
"Belarus KTMT-nin üzvü və Rusiyanın müttəfiqidir. Bu baxımdan təşkilat qarşısında müəyyən öhdəliklər daşıyır və təhlükəsizlik siyasətini də həmin reallıqlar əsasında formalaşdırır. Belarus ərazisinin mümkün hərbi əməliyyatlar baxımından strateji əhəmiyyət daşıması ilə bağlı fikirlər uzun müddətdir səsləndirilir. Bir sıra analitiklər hesab edirlər ki, Belarus ərazisi gələcəkdə Rusiyanın mümkün hərbi planlarında istifadə oluna biləcək istiqamətlərdən biridir. Xüsusilə Kiyev istiqamətinə görə bu ehtimallar zaman-zaman gündəmə gətirilir".
Ş.Ramaldanov vurğulayıb ki, rəsmi Minsk təhlükəsizlik sahəsində qərarları suveren dövlət kimi müstəqil şəkildə qəbul edir: “Hər bir dövlət öz təhlükəsizliyi ilə bağlı qərarları özü verir. Belarus da təhlükəsizliyini hansı formada təmin etməyi zəruri hesab edirsə, həmin istiqamətdə addımlar atır. Belarusun hərbi imkanlarının genişləndirilməsi prosesinin gələcəkdə də davam edəcəyi istisna edilmir. Belarusun hərbi büdcəsi son illərdə artırılır, Rusiya ilə hərbi-texniki əməkdaşlıq genişlənir. Düşünürəm ki, gələcəkdə də ölkənin hərbi potensialının gücləndirilməsi ilə bağlı oxşar məlumatlarla qarşılaşacağıq".
Nigar Xəlilli
10:00 05.08.2026
Oxunuş sayı: 52