Tramp beynəlxalq hüququ baltalayır - Rəy
ABŞ Prezidenti Donald Trampın Venesuela xəritəsini "51-ci ştat" qeydi ilə sosial media hesabında paylaşması beynəlxalq müstəvidə kəskin reaksiyalara və ciddi müzakirələrə səbəb olub. Müstəqil bir dövlətin ərazisinə açıq iddia kimi qiymətləndirilən bu addım Vaşinqtonun Rusiyanı Ukraynaya təcavüzdə ittiham etdiyi bir fonda böyük ikili standart və beynəlxalq hüquq böhranı kimi dəyərləndirilir. Trampın Venesuela, Qrenlandiya və Yaxın Şərq siyasətində ortaya qoyduğu bu yanaşmanın beynəlxalq münasibətlər sisteminə təsiri barədə politoloq Aydın Quliyev Crossmedia.az-a açıqlama verib. Ekspert bildirib ki, Trampın Venesuela ilə bağlı ard-arda atdığı addımlar beynəlxalq hüquq normalarının kökünü baltalamaqdan başqa bir şey deyil: "Əvvəlcə suveren bir dövlətin mərkəzi hakimiyyətinin başında duran şəxsin silahlı basqın yolu ilə ölkədən çıxarılması, həbs edilməsi və bir ilə yaxındır ki, həbsdə saxlanılması, ondan sonra isə Venesuelanın, ritorik də olsa, ilhaq edilərək Amerikanın 51-ci ştatı elan olunması dediklərimizə sübutdur. Həqiqətən çox paradoksal haldır ki, Amerika bir tərəfdən Rusiyanın suveren Ukraynaya qarşı müharibəsinə bir növ haqq qazandırır, digər tərəfdən isə özü də eyni əməllə məşğul olur və Venesuela ərazisini ABŞ-yə birləşdirmək iddiaları ilə çıxış edir. Hələ onun zamanında Qrenlandiya ilə bağlı irəli sürdüyü iddialar da unudulmayıb, yaddaşlarda yaşayır. Ümumiyyətlə, Trampın hakimiyyətə gəldiyi 2015-ci ildən indiyə qədər mən onun dilində, çıxışlarında dövlətlərin ərazi bütövlüyü və suverenliyi anlayışlarının prioritet təşkil etdiyinə dair heç bir fikir eşitməmişəm. Bu da o deməkdir ki, Tramp beynəlxalq hüququn və beynəlxalq münasibətlərin əsas sütunu sayılan dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin zorla dəyişdirilməsi kimi anlayışlara barmaqarası baxıb".

A.Quliyev vurğulayıb ki, beynəlxalq hüquq normaları ilə müəyyən olunmuş sərhədlərin tanınmaması yönündə Tramp hələ birinci hakimiyyəti dövründə də ciddi addımlar atmışdı: "Xatırladım ki, Tramp hakimiyyətinin birinci mərhələsində Qüdsü İsrailin paytaxtı kimi tanımışdı. Halbuki beynəlxalq hüquq normalarına və BMT-nin 1981-ci ildə təsdiqlədiyi qərara görə, Qüds beynəlxalq statuslu bir ərazi olaraq qalmalı və Fələstin dövlətinin paytaxtı hesab edilməli idi. Amma İsrail sonrakı müharibələrdə Qüdsü işğal etməyinə baxmayaraq, Tramp faktiki surətdə oraları İsrailin paytaxtı kimi tanımaq və Amerika səfirliyini Qüdsə köçürmək haqqında qərar qəbul etməklə BMT səviyyəsində qəbul edilmiş qərarı pozmuş oldu. İndiyə qədər də Tramp həmin qərardan imtina etmir. Bütün bunlar onu deməyə əsas verir ki, əgər ABŞ indiyə qədər formal da olsa beynəlxalq hüquq normalarına və dövlətlərarası prinsiplərə söykənərək superdövlət statusunu həyata keçirirdisə, Trampın dövründə bunu yavaş-yavaş dəyişirlər. Amerika superdövlət statusunu mənəm-mənəmlik psixologiyası ilə həyata keçirmək niyyətindədir. Bu da bütün dünya üçün olduqca qorxulu nümunələr yaradır".
Fatimə Cabbarlı
14:30 04.08.2026
Oxunuş sayı: 47