Rusiya-Ukrayna müharibəsində yeni mərhələ: Cəbhədə dəyişiklik gözlənilirmi?
Rusiya ordusu 2026-cı ilin iyul ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə daha az ərazi ələ keçirib, lakin rekord sayda canlı qüvvə itkisi verib. ABŞ-nin Müharibənin Öyrənilməsi İnstitutunun açıqladığı statistika cəbhədəki real vəziyyət, Rusiyanın hücum imkanları və müharibənin bundan sonrakı gedişi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Ekspertlər hesab edirlər ki, tərəflər arasında genişmiqyaslı mövqe dəyişiklikləri yaxın perspektivdə gözlənilmir və qarşılıqlı zərbələr əsas istiqamətlərdən biri olaraq qalacaq.

Mövzu ilə bağlı hərbi ekspert Ədalət Verdiyev Crossmedia.az-a açıqlamasında bildirib ki, hazırda Rusiya və Ukrayna arasında klassik quru əməliyyatları və böyük qoşun yerdəyişmələri müşahidə olunmur:
"Rusiya və Ukrayna tərəfindən hazırda qoşunların yerdəyişməsi ilə müşayiət olunan genişmiqyaslı quru əməliyyatları müşahidə edilmir. Heyət, texnika, vasitə və avadanlıqların klassik formada cəbhə xəttinə daşınması da əvvəlki kimi həyata keçirilmir. Bunun əsas səbəbi cəbhə və cəbhəyə yaxın ərazilərdə hava məkanının çoxsaylı dronların nəzarətində olmasıdır".
Ekspert qeyd edib ki, pilotsuz uçuş aparatlarının geniş istifadəsi tərəflərin hücum hazırlıqlarını məhdudlaşdırır:
"Hava məkanında mövcud olan PUA-lar ərazilərə çox sıx nəzarət həyata keçirir. Bu isə qoşunların böyük şəkildə cəmləşdirilməsinə və əsas zərbə istiqamətlərinə texnikaların toplanmasına imkan vermir. Buna görə də hər iki tərəf daha çox qarşı tərəfin dərinliklərində yerləşən infrastrukturu hədəfə almağa üstünlük verir".
Ə.Verdiyevin sözlərinə görə, hazırda əsas hədəflər arasında enerji və logistika obyektləri dayanır:
"Tərəflər xüsusilə neft emalı zavodları, elektrik stansiyaları, yol qovşaqları və körpülərin sıradan çıxarılmasına diqqət yetirirlər. Ukraynanın Rusiya ərazisindəki neft emalı zavodlarına və logistika obyektlərinə endirdiyi zərbələr Rusiyanın təminat imkanlarına müəyyən təsir göstərir".
Hərbi ekspert bildirib ki, Rusiyanın itkiləri yüksək olsa da, Moskvanın əsas məqsədlərindən biri qarşı tərəfin resurslarını tükətməkdir:
"Rusiyanın itkiləri təbii olaraq daha çoxdur. Burada klassik hərbi-strateji nəticələr əldə etməkdən daha çox, Ukraynanı və onun müttəfiqlərini uzunmüddətli müharibə şəraitində tükəndirmək strategiyası daha aydın görünür".
O, yaxın dövr üçün cəbhədə ciddi dəyişikliklərin gözlənilmədiyini vurğulayıb:
"Yaxın perspektivdə Rusiya ilə Ukrayna arasında ciddi mövqe dəyişiklikləri və əməliyyat zonasında böyük dönüş gözlənilmir. Hər iki tərəf qarşılıqlı zərbələri davam etdirəcək. Rusiya daha çox raketlərdən, Ukrayna isə dronlardan istifadə etməklə qarşı tərəfin imkanlarını zəiflətməyə çalışacaq".
Ekspert əlavə edib ki, payız aylarında əməliyyatların intensivliyində müəyyən azalma ehtimalı var:
"Payıza qədər qarşılıqlı zərbələr davam edəcək. Hər iki tərəfdə hava hücumundan müdafiə sistemlərinin çatışmazlığı səbəbindən raket və dron hücumlarının qarşısının alınması çətinləşir. Payızda isə logistika problemləri səbəbindən əməliyyatların intensivliyində müəyyən ləngimələr ola bilər. Lakin cəbhədə qüvvələr balansının ciddi şəkildə dəyişəcəyi gözlənilmir".
Zərnigar Hüseynli
15:30 03.08.2026
Oxunuş sayı: 135