Partiya sədri Fransa – Azərbaycan münasibətlərindən danışdı: “…Tamamilə yanlışdır”
Fransa Avropa və Xarici İşlər Nazirliyinin Bakıda casusluqda təqsirləndirilərək məhkum edilən Fransa vətəndaşı Martin Rayan barəsində çıxarılan hökmü "ədalətsiz" adlandırması və Azərbaycan məhkəmə sistemini şübhə altına almaq cəhdi rəsmi Bakının kəskin reaksiyasına səbəb olub. Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayaraq Parisin bu iddialarını qətiyyətlə rədd edib, Fransanın daxili işlərimizə və müstəqil məhkəmə sistemimizə müdaxiləsini qəbuledilməz hesab edib. Məhkəmə prosesinin tam şəffaf və konsulluq nümayəndələrinin iştirakı ilə keçirildiyi bir vaxtda Paris-Bakı xəttindəki bu gərginliklə bağlı Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Crossmedia.az-a açıqlama verib.

O, bildirib ki, Fransanın Azərbaycana olan qərəzli münasibəti heç kimə sirr deyil və bu siyasətin pərdəarxasında erməni lobbisinin təsiri dayanır:
"Fransanın Azərbaycana münasibəti hər kəsə bəllidir. Orada erməni lobbisinin gücü və Rəsmi Parisin xarici siyasətinə birbaşa təsir etmək imkanları məlumdur. Belə bir vəziyyətdə Fransadan Azərbaycana qarşı hər hansı ədalət, haqq və ya obyektivlik gözləmək tamamilə yanlışdır. Fransa Ermənistan-Azərbaycan münaqişəsi başlayandan bəri hər zaman ölkəmizə qarşı qeyri-obyektiv mövqe nümayiş etdirib. Parisin qəbul etdiyi heç bir qərar nə beynəlxalq hüquqa, nə ədalət prinsiplərinə, nə də normal dövlətlərarası münasibətlərə uyğundur".
S.Rüstəmxanlı vurğulayıb ki, Azərbaycan Fransa vətəndaşının məhkəmə prosesində bütün hüquqi incəlikləri tam nəzərə alıb və heç bir qüsur yerinin qalmasına imkan verməyib:
"Azərbaycan dövləti Fransa vətəndaşını ölkə ərazisində həbs edərkən və ona qarşı məhkəmə prosesini qurarkən bütün bu amilləri, Parisin gözlənilən təxribatçı yanaşmasını nəzərə alıb. Məhz buna görə də məhkəmənin mümkün qədər ədalətli, şəffaf və hüququn tələblərinə uyğun aparılması təmin edilib ki, ortada hər hansı bir qüsur yeri və ya bəhanə qalmasın. Bu baxımdan Fransa Xarici İşlər Nazirliyinin verdiyi bəyanat tamamilə əsassızdır və heç bir hüquqi çəkisi daxil deyil. Azərbaycan Xarici İşlər Nazirliyinin cavabı tamamilə obyektivdir, dövlətimizin suveren hüquqlarına və milli maraqlarımıza tamamilə uyğundur".
Fatimə Cabbarlı
12:30 01.08.2026
Oxunuş sayı: 58