Polşa-Ukrayna böhranı: Gərginlik aradan qalxa bilərmi?
Polşa və Ukrayna arasında son dövrdə yaranan gərginlik iki ölkə arasındakı münasibətlərin gələcəyi ilə bağlı müzakirələri aktuallaşdırıb. Xüsusilə tarixi məsələlər ətrafında yaranan fikir ayrılıqlarının siyasi və təhlükəsizlik əməkdaşlığına təsiri diqqət mərkəzindədir. Ekspertlər hesab edirlər ki, mövcud fikir ayrılıqlarına baxmayaraq, Rusiya təhlükəsi qarşısında Varşava və Kiyev arasında strateji tərəfdaşlığın qorunması əsas prioritet olaraq qalır.
Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə Crossmedia.az-a açıqlamasında bildirib ki, Polşa-Ukrayna münasibətlərində yaranan böhran ikitərəfli əlaqələrə mənfi təsir göstərsə də, tərəflərin strateji maraqları əməkdaşlığın davam etməsini tələb edir:

"Polşanın təhlükəsizliyi müəyyən mənada Ukraynadan asılıdır. Çünki Rusiya-Ukrayna müharibəsi Polşanın da təhlükəsizliyini təhdid edir və istər-istəməz Polşa Ukraynaya siyasi, mənəvi və hərbi baxımdan dəstək verməlidir. Görürük ki, Polşa, həqiqətən də, Ukraynaya kifayət qədər dəstək göstərir və bu, davam edir".
Politoloqun sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenskinin Vaşinqton səfərindən sonra Polşaya getməsi və aparılan danışıqlar münasibətlərdəki gərginliyin azalmasına kömək edə bilər:
"Son tarixi məsələlərlə bağlı yaranmış böhrandan sonra Zelenskinin Vaşinqtondan qayıdaraq Polşaya səfər etməsi mühüm addımdır. Hesab edirəm ki, arxivlərin Polşa dövlətinin üzərinə açılması məsələsi də bu gərginliyin aradan qaldırılmasına xidmət edə bilər. Bu görüşdə tərəflər siyasi, iqtisadi, təhlükəsizlik, hərbi-texniki əməkdaşlıq və müdafiə məsələlərini müzakirə edərək böhranı geridə qoya bilərlər".
M.Əsədullazadə qeyd edib ki, Ukrayna-Polşa əməkdaşlığının davam etməsi regiondakı geosiyasi proseslərə də təsir göstərə bilər:
"Ukrayna və Polşanın birgə hərəkət etməsi Rusiyanın regiondakı geosiyasi mövqeyinin zəifləməsinə və işğal siyasətinin qarşısının alınmasına təsir göstərə bilər. Bu əməkdaşlıq hər iki ölkənin maraqlarına uyğun şəkildə inkişaf edə bilər".
Zərnigar Hüseynli
19:30 30.07.2026
Oxunuş sayı: 59