Kreml daxilində fikir ayrılığı: Müharibə bitir?
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyada müharibənin taleyinin birbaşa Kreml rəhbəri Vladimir Putinin siyasi qərarlarından asılı olduğunu bəyan edib. Onun fikrincə, Kreml daxilində də müharibənin uzanmasının əsas səbəbinin Putin olduğunu anlayan qüvvələr mövcuddur.

Siyasi şərhçi Əli Mustafa Crossmedia.az-a açıqlamasında bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin son açıqlaması müharibənin davam etməsinə görə əsas məsuliyyətin Rusiya Prezidenti Vladimir Putinin üzərinə düşdüyü mesajını verir:
"Zelenskinin bu açıqlaması birbaşa müharibənin davam etməsinin əsas səbəbkarı kimi Vladimir Putini göstərməyə hesablanıb. O hesab edir ki, müharibənin gedişi də, taleyi də bilavasitə Putinin qərarlarından asılıdır. Yəni Rusiya Prezidenti istəsə, müharibə dayandırıla bilər".
Ekspertin sözlərinə görə, Zelenski eyni zamanda Kremlin daxilində fərqli mövqelərin mövcudluğuna da işarə edir:
"Açıqlamada Kremlin daxilində Putindən fərqli düşünən qüvvələrin mövcud ola biləcəyi mesajı da verilir. Bu, o deməkdir ki, Rusiya siyasi sistemində müharibənin dayandırılmasını istəyən şəxslərin olduğu ehtimalı gündəmə gətirilir".
Ə.Mustafa hesab edir ki, Zelenskinin bəyanatı beynəlxalq ictimaiyyətə ünvanlanmış siyasi mesaj xarakteri daşıyır:
"Bu açıqlama həm də dünyaya ünvanlanan mesajdır. Zelenski göstərməyə çalışır ki, müharibənin əsas məsuliyyəti və siyasi cavabdehliyi Vladimir Putinin üzərindədir. Müharibənin uzanmasına səbəb olan qərarları verən də məhz odur".
Politoloqun fikrincə, hazırkı mərhələdə Kreml daxilində fərqli baxışların olması müharibənin gedişinə təsir göstərmir:
"Kremlin müxtəlif dairələrində fərqli fikirlər mövcud olsa belə, hazırda Putinin qərarlarına qarşı çıxacaq siyasi iradə görünmür. Məhz buna görə də müharibə davam edir".
Ə. Mustafa sonda vurğulayıb ki, Zelenskinin fikrinin əsas mahiyyəti müharibənin dayandırılmasının Kremlin siyasi iradəsindən asılı olduğunu diqqətə çatdırmaqdır:
"Bu açıqlamanın əsas mesajı ondan ibarətdir ki, müharibənin dayanması ilk növbədə Vladimir Putinin verəcəyi siyasi qərardan asılıdır. Zelenski də məhz bunu beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağa çalışır".
Nigar Xəlilli
20:30 24.07.2026
Oxunuş sayı: 55