Bakı-Berlin əməkdaşlığı rifaha, əməkdaşlığa və sabitliyə töhfə verir
Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri Azərbaycan–Almaniya münasibətlərində yeni əməkdaşlıq imkanları yaradıb. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər və imzalanan sənədlər siyasi, iqtisadi və enerji sahələrində tərəfdaşlığın genişləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir.

Milli Məclisin deputatı Nigar Məmmədova Crossmedia.az-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri Azərbaycan–Almaniya münasibətlərində yeni mərhələnin əsasını qoyub:
"Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafına mühüm töhfə verdi. Berlində keçirilən görüşlər, imzalanan strateji sənədlər və verilən mesajlar əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirdi. Bu səfər həm ikitərəfli əlaqələrin genişləndirilməsi, həm də Avropa ilə Cənubi Qafqaz arasında əməkdaşlığın möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır".
Deputatın sözlərinə görə, səfər zamanı siyasi dialoq və iqtisadi əməkdaşlığın inkişafı əsas müzakirə mövzuları olub:
"Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və Federal Kansler Fridrix Merts ilə keçirdiyi görüşlərdə siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi, enerji təhlükəsizliyi, nəqliyyat-logistika layihələri, yaşıl enerji, regional sülh prosesi və Avropa İttifaqı ilə əməkdaşlıq məsələləri ətraflı müzakirə olundu".
N.Məmmədova vurğulayıb ki, enerji əməkdaşlığı danışıqların əsas istiqamətlərindən biri idi:
"Federal Kansler Fridrix Merts də qeyd etdi ki, mövcud geosiyasi şəraitdə xam neftin və Cənub Qaz Dəhlizi vasitəsilə təbii qazın tədarükü xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin də bildirdiyi kimi, enerji sahəsində əməkdaşlıq bundan sonra daha genişmiqyaslı xarakter alacaq".
Deputat bildirib ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu getdikcə artır:
"Azərbaycan artıq Almaniyaya təbii qaz ixrac edir və hazırda ölkəmizin qazı Avropa İttifaqının 10 üzv dövlətinə çatdırılır. Bununla yanaşı, yaşıl enerji və hidrogen sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri də gündəmdədir. Bu, Azərbaycanın Avropanın enerji mənbələrinin şaxələndirilməsində strateji rolunu daha da gücləndirir".
N.Məmmədovanın fikrincə, Berlin görüşlərində regional sülh prosesi də xüsusi diqqət mərkəzində olub:
"Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyində əldə olunan irəliləyişlər Almaniya tərəfindən də müsbət qiymətləndirilir. Federal Kansler Bakı ilə İrəvan arasında paraflanmış sülh sazişini tarixi razılaşma kimi dəyərləndirərək Almaniyanın regionda davamlı sülhə dəstəyini ifadə edib. Cənubi Qafqazda sabitlik həm də iqtisadi əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar yaradır".
Deputat qeyd edib ki, imzalanan sənədlər münasibətlərin strateji səviyyəyə yüksəldiyini təsdiqləyir:
"Səfərin ən mühüm nəticələrindən biri 'Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə'nin imzalanması oldu. Bundan əlavə, Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması ilə bağlı Birgə Bəyannamə iqtisadi və investisiya əlaqələrinin yeni mərhələyə keçəcəyini göstərir".
Onun sözlərinə görə, nəqliyyat və logistika sahəsində əməkdaşlıq üçün də geniş perspektivlər mövcuddur:
"Orta Dəhlizin artan geosiyasi və iqtisadi əhəmiyyəti fonunda Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən əsas tranzit mərkəzlərindən birinə çevrildiyi bir daha vurğulandı. Almaniyanın texnoloji və sənaye potensialı ilə Azərbaycanın müasir nəqliyyat infrastrukturu arasında əməkdaşlıq yeni layihələrin həyata keçirilməsinə imkan yaradacaq".
Sonda Nigar Məmmədova bildirib ki, Bakı ilə Berlin arasında formalaşan strateji tərəfdaşlıq təkcə iki ölkəyə deyil, bütövlükdə regionun rifahına və sabitliyinə xidmət edir:
"Prezident İlham Əliyevin də vurğuladığı kimi, imzalanmış sənədlər əlaqələrimizi yeni səviyyəyə qaldıracaq və strateji dialoqun əsasını möhkəmləndirəcək. Almaniya Avropa İttifaqının aparıcı ölkəsi kimi Cənubi Qafqazda mühüm rol oynayır. Bakı ilə Berlin arasında inkişaf edən əməkdaşlıq qarşılıqlı etimada, ortaq maraqlara əsaslanmaqla yanaşı, regionda rifaha, əməkdaşlığa və uzunmüddətli sabitliyə də mühüm töhfə verir".
Nigar Xəlilli
17:10 23.07.2026
Oxunuş sayı: 58