İlham Əliyevin Almaniyaya səfəri reallıqları bir daha göstərdi: İki ölkə arasında yeni mərhələ başlayır
Cənubi Qafqazın dəyişən geosiyasi xəritəsində diplomatik tarazlıqları yenidən formalaşdıran Bakı, Avropa ilə münasibətlərində daha şərtləndirici, praqmatik və birbaşa dialoqa söykənən yeni bir səhifə açır. Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya həyata keçirdiyi son işgüzar səfər də məhz bu stragetiya fonunda sadəcə növbəti protokolyar görüş deyil, Avropanın aparıcı iqtisadi gücü ilə "Brüssel bürokratiyasından kənar", bilavasitə ikitərəfli maraqlara əsaslanan təmasların bariz təzahürü oldu. Berlin səmada geosiyasi koordinatlarını yenidən müəyyənləşdirməyə çalışarkən, Bakı çoxdan parçalanmış çoxtərəfli mexanizmlərin kölgəsindən çıxaraq Avropanın enerji və nəqliyyat xəritəsində əvəzolunmaz strateji mərkəz kimi öz şərtlərini diktə edir. Qitənin təhlükəsizlik arxitekturasının kökündən sarsıldığı bir dönəmdə reallaşan bu səfər, Azərbaycanın Qərbə deyil, məhz öz milli maraqlarına uyğun gələn Avropa ölkələrinə uzatdığı praqmatik əməkdaşlıq əlinin və yeni geosiyasi reallıqların təkzibedilməz təsdiqidir.
Milli Məclisin deputatı Nigar Arpadarai prezidentin Almaniyaya səfərini və iki ölkə arasında münasibətləri Crossmedia.az-a şərh edib:

"Dünən Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya həyata keçirdiyi səfər iki ölkə arasında münasibətlərin inkişafı baxımından mühüm hadisə oldu. Səfər bir daha göstərdi ki, Azərbaycan Avropa istiqamətini öz xarici siyasətinin əsas prioritetlərindən biri kimi qoruyub saxlayır və bu istiqamətdə ardıcıl siyasət yürütməkdə davam edir.
Azərbaycan üçün Avropa ilə münasibətlər hər zaman strateji əhəmiyyət daşıyıb. Lakin son illərdə Avropa institutlarının üzləşdiyi böhran fonunda Bakı öz yanaşmasını müəyyən dərəcədə yenidən formalaşdırıb. Bu gün söhbət Avropadan uzaqlaşmaqdan deyil, əməkdaşlığın daha səmərəli formatlara keçirilməsindən gedir.
Son illər həm Avropa İttifaqının institutları, həm Avropa Şurası kimi qurumlar, həm də ATƏT kimi pan-Avropa təhlükəsizlik mexanizmləri ciddi funksional problemlərlə üzləşiblər. Bu institutların böhranı onların regionda baş verən proseslərə effektiv təsir imkanlarını xeyli zəiflədib. Məhz buna görə Azərbaycan artıq uzun müddətdir ki, Avropa ölkələri ilə münasibətlərini əsasən ikitərəfli formatda inkişaf etdirməyə üstünlük verir.
Bu yanaşma Azərbaycanın enerji, nəqliyyat və xarici ticarət strategiyasında da öz əksini tapır".
Deputat onu da vurğulayıb ki, bu gün ölkəmiz Cənubi və Şərqi Avropanın əksər dövlətləri ilə uğurlu əməkdaşlıq qurub:
"İtaliya Azərbaycanın əsas iqtisadi tərəfdaşlarından biridir, Böyük Britaniya ilə uzunmüddətli strateji iqtisadi münasibətlər mövcuddur, Balkan ölkələri ilə əməkdaşlıq isə ildən-ilə genişlənir.
Bu kontekstdə Almaniya xüsusi yer tutur. Almaniya Avropanın ən böyük iqtisadiyyatına malik ölkə və qitənin əsas iqtisadi mərkəzidir. Təbii ki, Azərbaycan üçün Almaniya ilə münasibətlərin inkişafı təkcə ikitərəfli baxımdan deyil, bütövlükdə Avropa istiqamətində həyata keçirilən siyasətin mühüm tərkib hissəsidir.
Eyni zamanda, Almaniyanın özü də xarici siyasətində yeni yanaşmalar formalaşdırmaq zərurəti ilə üz-üzədir. Uzun illər Almaniyanın xarici siyasəti əsasən Avropa İttifaqının ümumi xəttinə uyğun şəkildə qurulurdu. Cənubi Qafqazla bağlı məsələlərdə də Berlin çox vaxt müstəqil təşəbbüslərdən daha çox Brüsselin mövqeyinə istinad edirdi.
Lakin son illərin hadisələri göstərdi ki, bu yanaşma hər zaman effektiv nəticə vermir. Məsələn, 44 günlük Vətən müharibəsi dövründə Avropa İttifaqının xarici siyasəti Fransanın milli gündəminin təsiri altına düşdü. Belə vəziyyət isə bütövlükdə Avropanın maraqlarına cavab vermirdi və bir sıra ölkələrin, o cümlədən Almaniyanın uzunmüddətli maraqları ilə də tam uzlaşmırdı.
Məhz buna görə Prezident İlham Əliyevin Almaniyaya səfəri kimi yüksək səviyyəli təmaslar Berlin üçün də Cənubi Qafqaza və Şərq qonşuluğuna dair siyasətini daha obyektiv və praqmatik əsaslar üzərində formalaşdırmaq baxımından əhəmiyyətlidir.
Bu məsələ xüsusilə Avropa ilə Rusiya arasında münasibətlərin kəskin şəkildə dəyişdiyi indiki geosiyasi şəraitdə daha böyük aktuallıq qazanır. Avropanın şərq istiqamətində əvvəlki təhlükəsizlik və siyasi model artıq faktiki olaraq fəaliyyət göstərmir. Bu isə Avropa dövlətlərini regiona yeni baxış formalaşdırmağa sövq edir".
O, əlavə edib ki, belə bir şəraitdə Azərbaycan etibarlı tərəfdaş, enerji təhlükəsizliyinin təminatçısı və regionun aparıcı siyasi aktorlarından biri kimi Almaniya və digər Avropa ölkələri üçün daha da əhəmiyyətli tərəfdaşa çevrilir: "Prezident İlham Əliyevin Almaniyaya səfəri də məhz bu yeni reallığın təzahürü kimi qiymətləndirilə bilər. Azərbaycan Avropa ilə əməkdaşlığını davam etdirir, lakin bunu artıq daha praqmatik, qarşılıqlı maraqlara əsaslanan və ikitərəfli münasibətləri ön plana çıxaran model üzərində qurur. Məhz bu yanaşma son illərdə Azərbaycanın Avropa siyasətinin əsas xüsusiyyətlərindən birinə çevrilib".
Turqut Ansari
19:00 22.07.2026
Oxunuş sayı: 48