Zaur Şükürov: Güclü media güclü dövlətin ayrılmaz tərkib hissəsidir
İyulun 22-si Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. Məhz bu tarixdə – 1875-ci ildə görkəmli maarifçi Həsən bəy Zərdabi tərəfindən nəşr edilən "Əkinçi" qəzeti ilə Azərbaycan milli mətbuatının əsası qoyulub. Cəmi iki il fəaliyyət göstərməsinə baxmayaraq, "Əkinçi" xalqın maariflənməsində, milli özünüdərkin formalaşmasında və azadlıq ideyalarının yayılmasında müstəsna rol oynayıb.

Bu fikirləri Crossmedia.az-a açıqlamasında Milli Məclisin deputatı Zaur Şükürov bildirib.
Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin də vurğuladığı kimi, Azərbaycan milli mətbuatının inkişaf tarixi xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinin ayrılmaz tərkib hissəsidir.
Şükürov qeyd edib ki, "Əkinçi"dən sonra nəşr olunan "Ziya", "Kəşkül", "Füyuzat", "Molla Nəsrəddin" və "Kaspi" kimi qəzet və jurnallar milli ideologiyanın, maarifçiliyin, ana dilinin və milli kimliyin qorunmasına mühüm töhfələr verib.
Ekspert bildirib ki, müstəqillik dövründə, xüsusilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra media sahəsində əsaslı islahatlar həyata keçirilib. Senzuranın ləğvi, söz və mətbuat azadlığının təmin olunması, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan mediasının inkişafında yeni mərhələnin əsasını qoyub.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət ardıcıl şəkildə davam etdirilib. "Media haqqında" Qanunun qəbul edilməsi, Medianın İnkişafı Agentliyinin (MEDİA) yaradılması və media subyektlərinə dövlət dəstəyi informasiya mühitinin inkişafına mühüm töhfə verib.
Zaur Şükürov vurğulayıb ki, Azərbaycan mediası həm Birinci Qarabağ müharibəsində, həm də 44 günlük Vətən müharibəsində üzərinə düşən tarixi missiyanı layiqincə yerinə yetirib.
"Jurnalistlər həyatlarını riskə ataraq cəbhə bölgəsindən operativ məlumatlar çatdırdılar, düşmən dezinformasiyasına qarşı informasiya cəbhəsində mühüm mübarizə apardılar. Müharibədən sonra da azad edilmiş ərazilərdən hazırlanan reportajlar və sənədli materiallar tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına xidmət edir."
Ekspert hesab edir ki, müasir dövrdə medianın qarşısında duran əsas çağırışlar rəqəmsallaşma, süni intellektin tətbiqi, dezinformasiyaya qarşı mübarizə və media savadlılığının artırılmasıdır.
Onun fikrincə, qlobal informasiya məkanında rəqabətin artdığı bir dövrdə Azərbaycan mediası peşəkarlıq, obyektivlik və milli maraqlara sadiqlik prinsiplərini qorumalıdır.
Z.Şükürov IV Şuşa Qlobal Media Forumunun da bu baxımdan xüsusi əhəmiyyət daşıdığını qeyd edib. O bildirib ki, forum çərçivəsində media etikası, dezinformasiyaya qarşı mübarizə, süni intellekt dövründə jurnalistikanın gələcəyi və informasiya təhlükəsizliyi kimi mühüm məsələlər geniş müzakirə olunub.
Bununla yanaşı, Azərbaycan-Türkiyə arasında media sahəsində strateji əməkdaşlığın informasiya diplomatiyasının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayan ekspert bildirib ki, bu əməkdaşlıq qlobal media məkanında Azərbaycanın mövqeyini daha da möhkəmləndirir.
Sonda Zaur Şükürov qeyd edib ki, müasir Azərbaycan mediası dövlətçiliyin möhkəmləndirilməsində, cəmiyyətin maarifləndirilməsində, milli maraqların müdafiəsində və informasiya təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.
O, 22 İyul – Milli Mətbuat Günü münasibətilə bütün jurnalistləri təbrik edərək onlara peşə fəaliyyətlərində uğurlar, yaradıcılıq nailiyyətləri və möhkəm cansağlığı arzulayıb.
14:30 22.07.2026
Oxunuş sayı: 54