Milli Mətbuat: Dövlətçilik təfəkkürünün tarixi yaddaşı və informasiya suverenliyinin strateji sütunu
22 İyul Milli Mətbuat Günü münasibətilə Azərbaycan mediasının keçdiyi inkişaf yolu və müasir dövrdə qarşısında duran vəzifələr yenidən diqqət mərkəzinə gəlib. 151 illik tarixə malik milli mətbuat bu gün informasiya təhlükəsizliyi, ictimai maarifləndirmə və dövlətçilik dəyərlərinin qorunmasında mühüm rol oynayır.

Milli Məclisin deputatı Rövşən Muradov Crossmedia.az-a açıqlamasında bildirib ki, milli mətbuat hər bir xalqın mənəvi sərvətini, tarixi yaddaşını və dövlətçilik iradəsini yaşadan ən mühüm ictimai institutlardan biridir.
Deputatın sözlərinə görə, mətbuatın missiyası yalnız xəbərləri çatdırmaqla məhdudlaşmır. O, milli düşüncənin formalaşmasına, cəmiyyətin intellektual inkişafına istiqamət verir, dövlətlə vətəndaş arasında etimad körpüsü yaradır və milli maraqların informasiya müstəvisində etibarlı müdafiəsini təmin edir:
"Mətbuatın inkişaf səviyyəsi təkcə media sektorunun göstəricisi deyil, eyni zamanda dövlətin siyasi yetkinliyinin, ictimai mədəniyyətinin və milli özünəinamının mühüm göstəricilərindən biridir".
R.Muradov qeyd edib ki, müstəqillik dövründə milli medianın inkişafı keyfiyyətcə yeni mərhələyə qədəm qoyub:
"Hüquqi islahatların həyata keçirilməsi, senzuranın aradan qaldırılması, media institutlarının təkmilləşdirilməsi və jurnalist fəaliyyətinin hüquqi təminatının gücləndirilməsi informasiya mühitinin daha dayanıqlı əsaslar üzərində formalaşmasına imkan yaradıb. Bunun nəticəsində milli maraqları müdafiə edə bilən peşəkar jurnalistika məktəbi möhkəmlənib, informasiya təhlükəsizliyi isə dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib".
Deputat bildirib ki, müasir beynəlxalq münasibətlər sistemində informasiya resursları artıq iqtisadi və hərbi potensialla müqayisə olunan strateji amildir:
"Belə şəraitdə medianın missiyası hadisələri sadəcə çatdırmaqdan daha geniş məna daşıyır. Media ictimai etimadın qorunmasına, dezinformasiyaya qarşı mübarizəyə və milli maraqların beynəlxalq informasiya məkanında ardıcıl müdafiəsinə xidmət edən mühüm institut kimi çıxış edir".
Onun sözlərinə görə, Vətən müharibəsi dövründə Azərbaycan mediasının nümayiş etdirdiyi peşəkarlıq informasiya cəbhəsinin müasir münaqişələrin ayrılmaz hissəsinə çevrildiyini bir daha təsdiqləyib.
R.Muradov vurğulayıb ki, rəqəmsal transformasiya jurnalistikanın fəaliyyət prinsiplərini köklü şəkildə dəyişib:
"Süni intellekt, böyük verilənlər bazaları, alqoritmik informasiya axınları və rəqəmsal platformalar xəbər istehsalının sürətini artırmaqla yanaşı, informasiyanın etibarlılığına yönələn riskləri də genişləndirir. Bu şəraitdə peşəkar jurnalistikanın üstünlüyü xəbəri ilk verməklə deyil, onun doğruluğunu dəqiq yoxlamaq, milli maraqları qorumaq və cəmiyyətin informasiya təhlükəsizliyini təmin etməklə ölçülür".
Deputat əlavə edib ki, Azərbaycanın media siyasəti rəqəmsallaşmanı yalnız texnoloji yenilənmə kimi deyil, milli informasiya suverenliyinin möhkəmləndirilməsi, media savadlılığının artırılması, süni intellekt dövründə etik jurnalistika prinsiplərinin qorunması və ölkənin qlobal informasiya məkanındakı mövqeyinin gücləndirilməsi baxımından strateji istiqamət kimi qiymətləndirir.
Sonda Rövşən Muradov bildirib ki, Milli Mətbuat Günü Azərbaycan jurnalistikasının keçdiyi şərəfli inkişaf yolunun, məsuliyyətli sözün və milli maraqlara söykənən peşəkar medianın cəmiyyətin davamlı inkişafındakı əvəzsiz rolunun ifadəsidir.
Nigar Xəlilli
11:35 22.07.2026
Oxunuş sayı: 76