Rusiya Ukraynanı "döngədə atları dəyişməyə" məcbur etdi?
Ukraynada hökumətdə aparılan son kadr dəyişiklikləri geniş müzakirələrə səbəb olub. Prezident Volodimir Zelenskinin qərarı ilə müdafiə naziri Mixaylo Fedorov vəzifəsindən azad edilib. Qərarın ardından həm Ukraynada, həm də beynəlxalq mediada bu dəyişikliyin səbəbləri və mümkün nəticələri müzakirə olunmağa başlayıb. Müdafiə naziri ilə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Oleksandr Sırski arasında fikir ayrılıqlarının olduğu barədə iddialar da gündəmdədir.

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərli Ukraynanın müdafiə nazirinin vəzifədən azad olunmasının geniş müzakirələrə səbəb olduğunu bildirib:
"Ukrayna Prezidenti Zelenski də bununla bağlı məlumat verib. Müdafiə naziri ilə ordunun baş komandanı Sırski arasında müəyyən gərginlik var idi. Bunun fonunda Ukraynada hökumət dəyişikliyi də baş verir. Prezidentin müdafiə nazirinə təklif etdiyi digər vəzifəni isə, görünür, qəbul etməyib. Güman ki, burada həm inciklik, həm də yaşının gənc olmasının təsiri var. Amma o, çox savadlı, bacarıqlı və Ukrayna ordusu üçün böyük işlər görmüş müdafiə naziri idi. Bu dəyişikliyin Ukrayna ordusunun cəbhədəki əməliyyatlarına heç bir təsiri olmayacaq. Nazir ümumi nəzarəti həyata keçirirdi, döyüşləri isə baş komandan Sırski idarə edirdi. Sırski ilə nazir arasındakı narazılıq bəzi məsələlərin operativ qaydada həllini tapmaması ilə bağlı idi. Əslində, dünyada müdafiə nazirləri daha çox siyasi fiqurlardır. Ona görə də bu dəyişikliyin cəbhədəki əməliyyatlara mənfi təsir edəcəyini qətiyyən düşünmürəm. Bunu Zelenski də, onun komandasının üzvləri də yaxşı başa düşürlər. Hesab edirəm ki, bu dəyişiklik ümumilikdə vəziyyətə mənfi təsir göstərməyəcək. Hazırda Prezident keçmiş daxili işlər nazirinin müdafiə naziri postuna namizədliyini irəli sürüb".
Ekspertin sözlərinə görə, yeni namizədin hərbi əməliyyatlarla bağlı kifayət qədər biliyi və təcrübəsi var:
"Ukrayna onun imkanlarından mütləq yararlanacaq. Kiməsə qəribə görünə bilər ki, daxili işlər naziri necə müdafiə naziri ola bilər. Amma o, daxili işlər naziri olsa da, əməliyyatların təşkilində və həyata keçirilməsində bilavasitə iştirak etmiş şəxslərdən biridir. Buna görə də Ukraynadakı bu rəhbər dəyişikliyinin ordunun cəbhədəki əməliyyatlarına mənfi təsir göstərəcəyini düşünmürəm. Ukrayna da öz fəaliyyətini davam etdirir, Rusiya da. Burada söhbət hökumət dəyişikliyindən gedir və yeni nazir təyin olunmalı idi. Yeni hökumət qurulduqdan sonra həm müdafiə, həm də xarici işlər nazirini Prezident özü təqdim edir. Keçmiş daxili işlər naziri Klimenkonun da yeni komandada bu vəzifəyə təyin olunacağı gözlənilir. Düşünürəm ki, o, özünü doğruldacaq. Rusiyanın Azov və Qara dənizdə üzləşdiyi çətinliklər, eləcə də son vaxtlar ölkədə yaranan yanacaq qıtlığı onları ağır vəziyyətə salıb. Buna görə də müdafiə nazirinin vəzifədən azad olunmasının Ukrayna ordusunun əməliyyatlarına mənfi təsir göstərəcəyini düşünmürəm. Ən azı bunun üçün hər hansı bir işarə yoxdur".
Turqut Ansari
17:30 17.07.2026
Oxunuş sayı: 66