Tovuz döyüşlərinin qəhrəmanlarına həsr edilən tədbir keçirilib
Tarixə Tovuz döyüşləri kimi daxil olmuş bir savaşın başlanmasının 6 -cı ildönümü tamam oldu. 6 il öncə - 2020- ci il iyulun 12 - də Ermənistan Silahlı Qüvvələri və onların havadarlarının bölgədə üstünlüyü öz tərəflərinə çəkmək cəhdləri baş tutmadı. Azərbaycan həmin ilin sentyabr ayının 27-də əks hücuma keçərək işğal edilən ərazilərin böyük bir hissəsini azad etdi. 2023 - cü il sentyabrın 19-20-də aparılan lokal antiterror əməliyyatları zamanı Xankəndi və Xocalı şəhəri, həmçinin Ağdərə və Xocavənd rayonları düşmən tapdağından azad edildi.
Bu gün şəhid General - mayor Polad Həşimov, Polkovnik İlqar Mirzəyev kimi qeyrətli oğulların ruhları şaddır. Çünki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında aparılan döyüş əməliyyatları və lokal xarakterli antiterror əməliyyatları nəticəsində işğal olunmuş ərazilər düşmən tapdağından azad olunub.
Crossmedia.az xəbər verir ki, iyulun 16-da "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin fəalları Tovuz döyüşlərinin 6-cı ildönümünə həsr edilən tədbir keçirdilər. Tədbiri Birliyin sədri, jurnalist Şamil Sabiroğlu açdı. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Milli Məclisin deputatı Ceyhun Məmmədov düşmən üzərində qazanılan qələbənin ictimai əhəmiyyətini qeyd etdi. O, işğaldan azad olunan ərazilərdə aparılan tikinti - quruculuq işlərindən də danışdı.
Milli Məclisin deputatı, Professor Rövşən Muradov anım mərasimində gənclərin çoxluq təşkil etdiyindən məmnunluğunu bildirdi. Rövşən müəllim də öz çıxışında Tovuz döyüşlərinin mühüm əhəmiyyətini qeyd etdi.
General - mayor, Azərbaycanın Milli Qəhrəmanı, şəhid Polad Həşimovun bacısı Kəmalə Paşayeva, "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin İdarə Heyətinin üzvü Cavanşir Rzazadə, həmin Təşkilatın Mətbuat Xidmətinin rəhbəri, yazıçı-publisist Mövsümağa Ədalətoğlu, Birliyin Qax, Zaqatala və Balakən Rayonları üzrə Regional şöbəsinin sədri, müharibə veteranı Vaqif Hümbətov, ictimai fəal Aynurə Adıgözəl qızı, "Vətənpərvərlər" Maarifləndirmə ictimai birliyinin sədri Aynur İsayeva, İmişli rayonu A.Allahverdiyev adına Qaralar kənd tam orta ümumtəhsil məktəbinin hərbi rəhbəri, müharibə veteranı Elmidar Əsgərov, qazi, ehtiyatda olan mayor Muxtar Həşimov, "Qladiator" İdman Klubunun rəhbəri, tanınmış idmançı Azad Məmmədov, "Gənclərin səsi" Platformasının rəhbəri Telman Aslanı və başqaları çıxış edərək Tovuz döyüşlərinin Azərbaycan tarixindəki rolunu xüsusi qeyd etdilər. "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin Gənclər Şurasının sədri, "Əbədi Tədbirlər" layihəsinin rəhbəri Polad ağa İbrahimov və köməkçisi Yusif Səccadın birgə hazırladıqları kompozisiya nümayiş etdirildi.
Tədbirin sonunda xatirə şəkilləri çəkildi.
09:49 17.07.2026
Oxunuş sayı: 90