Media və Yayım Şurasının yaradılması medianı gələcək inkişafına xidmət edən mühüm qərardır
Milli Məclis media sahəsində vahid qurum – Media və Yayım Şurasının yaradılmasını nəzərdə tutan qanun dəyişikliklərini son oxunuşda qəbul edib. Dəyişikliklər media sahəsində normativ tənzimləmənin müasirləşdirilməsi, informasiya təhlükəsizliyinin gücləndirilməsi, çap, onlayn və audiovizual media arasında vahid yanaşmanın formalaşdırılması, eləcə də yerli medianın inkişafının sürətləndirilməsi məqsədi daşıyır. Yeni qurumun kollegial idarəetmə prinsipi əsasında fəaliyyət göstərəcəyi və media sahəsində ictimai etimadın artırılmasına töhfə verəcəyi bildirilir.
Mövzu ilə bağlı Crossmedia.az-a danışan media eksperti Murad Əliyev bildirib ki, Media və Yayım Şurasının yaradılması media tənzimlənməsi sahəsində atılan mühüm addımlardan biridir. Son illərdə Medianın İnkişafı Agentliyinin yaradılması və "Media haqqında" yeni qanunun qəbul edilməsi sahədə mövcud olan bir çox boşluqların aradan qaldırılmasına imkan verib. Jurnalist reyestrinin formalaşdırılması ilə peşəkar jurnalistlərlə bloqerləri fərqləndirmək mümkün olub və bu istiqamətdə mühüm nəticələr əldə edilib. Yeni Şuranın yaradılması isə həmin prosesin növbəti mərhələsi kimi qiymətləndirilə bilər".
Ekspert qeyd edib ki, bu gün onlayn media yalnız yazılı məzmun deyil, eyni zamanda audiovizual kontent də istehsal edir. "Televiziyalar isə xəbərlərini mətn formatında yayımlayırlar. Beləliklə, ənənəvi media ilə audiovizual media arasındakı sərhədlər getdikcə aradan qalxır və vahid qurumun yaradılması bu reallığa uyğun addım hesab olunur. Eyni zamanda informasiya məkanında dezinformasiya və xarici informasiya təhdidlərinin artdığı bir dövrdə vahid qurumun fəaliyyəti belə hallara daha koordinasiyalı və operativ reaksiya verilməsinə şərait yarada bilər. Bu baxımdan Media və Yayım Şurasının yaradılması vaxtında atılmış və media sahəsinin gələcək inkişafına xidmət edən mühüm qərardır.
Zeynəb Həsən
18:00 15.07.2026
Oxunuş sayı: 56