Oyun qaydaları dəyişir: Müharibənin təsirləri artıq Rusiyanın daxilində də hiss olunmağa başlayıb
Rusiya ərazisi növbəti dəfə genişmiqyaslı pilotsuz uçuş aparatlarının hədəfinə çevrilib. Ukraynanın həyata keçirdiyi hücumlar nəticəsində neft emalı zavodunda yanğın baş verib, tanker zədələnib və bir neçə yaşayış məntəqəsində partlayışlar qeydə alınıb. Hücumlar enerji və logistika infrastrukturunun təhlükəsizliyi ilə bağlı sualları yenidən gündəmə gətirib.

Politoloq Oqtay Qasımov Crossmedia.az-a açıqlamasında bildirib ki, Rusiya-Ukrayna müharibəsi son aylarda yeni mərhələyə keçib və Ukrayna hərbi strategiyasında ciddi dəyişikliklər edib:
"Ukrayna işğal altındakı əraziləri birbaşa azad etmək strategiyasından fərqli olaraq, Rusiyanın müharibə imkanlarını zəiflətməyə yönəlmiş taktikanı ön plana çıxarıb. Bu strategiya çərçivəsində Rusiyanın enerji və yanacaq sektoru, eləcə də müharibənin maliyyələşdirilməsində mühüm rol oynayan sahələr hədəfə alınır. Bu ilin aprel ayından etibarən Ukrayna Rusiyanın enerji infrastrukturuna və kölgə donanmasına qarşı intensiv zərbələr endirir."
Ekspertin sözlərinə görə, Ukraynanın əsas hədəflərindən biri də Rusiyanın hərbi-sənaye kompleksidir:
"Xüsusilə ballistik raket, pilotsuz uçuş aparatları və onların ehtiyat hissələrini istehsal edən müəssisələrə zərbələr endirilir. Paralel olaraq, Rusiya ordusunun logistika və təchizat xətlərinə hücumlar davam etdirilir. Bu strategiya may ayının sonlarından etibarən nəticə verməyə başlayıb."
O.Qasımov qeyd edib ki, Ukraynanın həyata keçirdiyi əməliyyatlar Rusiyanın yanacaq sektoruna ciddi təsir göstərib:
"Yanacaq emalı sahəsində istehsalın əhəmiyyətli dərəcədə azalması artıq Krımda və Rusiyanın digər bölgələrində yanacaq qıtlığına səbəb olub. Ukrayna daha əvvəl Krımı faktiki olaraq təcrid etmək niyyətini açıqlamışdı və hazırda yarımadanın quru əlaqələrinin məhdudlaşdırılması istiqamətində addımlar atılır. Krım körpüsü üzərindən daşınmalar da əvvəlki kimi rahat həyata keçirilmir."
Politoloq bildirib ki, Ukraynanın hücumları artıq Rusiyanın iri şəhərlərinə qədər uzanır:
"Bu gün Moskva, Sankt-Peterburq və digər böyük şəhərlər də Ukraynanın zərbə endirdiyi istiqamətlər sırasındadır. Nəticədə müharibənin təsirləri artıq Rusiyanın daxilində də hiss olunmağa başlayıb."
Ekspert hesab edir ki, cəbhədə yaranan yeni vəziyyət Qərbin Ukraynaya münasibətinə də təsir göstərib:
"ABŞ-in əvvəlki dövrlərdə Ukraynanı ərazi güzəştlərinə sövq edən mövqeyində müəyyən dəyişiklik müşahidə olunur. Donald Trampın və digər ABŞ rəsmilərinin son bəyanatları da bunu göstərir. Eyni zamanda NATO-nun son sammitində Ukraynaya iki il ərzində 140 milyard dollarlıq yardım ayrılması ilə bağlı qərar mühüm əhəmiyyət daşıyır. Bundan başqa, Ukraynanın Avropa ölkələri ilə birgə hərbi istehsal sahələrinin yaradılması istiqamətində əməkdaşlığı da genişlənir."
O.Qasımovun fikrincə, bütün bu proseslər Ukraynanın strateji mövqeyini gücləndirir:
"Bu üstünlüklər gələcək sülh danışıqları zamanı Ukraynanın əlini gücləndirən əsas amillərdən biri kimi qiymətləndirilməlidir."
Nigar Xəlilli
15:30 13.07.2026
Oxunuş sayı: 226