Netanyahu: İsrail Husilərə qarşı güclü hərbi əməliyyat başladacaq
İsrail Baş naziri Benyamin Netanyahu, Yəməndəki İran dəstəkli Husilərə qarşı “güclü hərbi əməliyyat” başlatmaq niyyətində olduqlarını açıqlayıb.
Crossmedia.az “Haber Global”a istinadən xəbər verir ki, Netanyahu, İsrail Təhlükəsizlik Kabinetinin Safed şəhərində keçirilən iclasından sonra yayımladığı videomüraciətdə Husilərlə bağlı sərt açıqlamalar verib. O qeyd edib ki, “İranın bölgədəki nümayəndələrinə qarşı atdığımız addımlar kimi, Husilərə qarşı da hərəkətə keçəcəyik.”
Baş nazir Husilərin beynəlxalq dəniz ticarəti və dünya nizamına təhlükə yaratdığını vurğulayıb: “ABŞ və bizim kimi digər ölkələr də Husiləri yalnız beynəlxalq dəniz daşımacılığına deyil, həm də dünya nizamına təhdid olaraq görür.”
Xatırladaq ki, 19 dekabrda Yəməndəki İran dəstəkli Husilər, İsrailin Yafa şəhərindəki iki hərbi hədəfi “Fələstin 2” tipli ballistik raketlərlə vurduqlarını açıqlamışdılar.
İsrail ordusunun radiosu, bu hücumdan sonra İsrailin Yəməndəki 5 müxtəlif hədəfi 14 döyüş təyyarəsi ilə bombardman etdiyini bildirib. Ordu rəsmiləri isə Husilərin hücumunun Tel-Əviv yaxınlığındakı Ramat Gan şəhərində bir məktəbə zərər verdiyini təsdiqləyib.
Fidan Hacızadə
11:49 23.12.2024
Oxunuş sayı: 3883