Tramp NATO-nu dağıdır?
ABŞ prezidenti Donald Tramp NATO Baş katibi Mark Rutte ilə görüşündə deyib ki, İspaniya ilə bütün ticarəti kəsəcəyik, səfərlərə də son qoyulacaq.
ABŞ-nin Trampın liderliyi ilə başlayan yeni mərhələ, onilliklər boyu formalaşmış qlobal təhlükəsizlik arxitekturasını kökündən sarsıdır. Vaşinqtonun ənənəvi müttəfiqləri ilə, xüsusilə də NATO və Avropa Birliyi çərçivəsində münasibətlərində yaranan transatlantik çatlar artıq diplomatik anlaşılmazlıq hüdudlarını aşaraq dərin bir geosiyasi böhrana çevrilməkdədir. Trampın "Öncə Amerika" doktrinası fonunda Avropanın kollektiv müdafiə sisteminə şübhə ilə yanaşması və regional böhranlar zamanı müttəfiqlərin nümayiş etdirdiyi müstəqil mövqe, Şimali Atlantika Alyansının gələcək taleyini və bütövlüyünü ciddi sual altında qoyur. Maraqların bu cür kəskin toqquşması, qlobal güc balansının yenidən formalaşdığı fərqli bir dünya nizamının xəbərçisidir.

Məsələ ilə bağlı Ədalət Partiyasının sədri Mütəllim Rəhimli Crossmedia.az-a açıqlama verib: “Trampın son zamanlardakı açıqlamaları qeyri-standart xarakter daşıyır və həqiqətən də, təəccüb doğurur. Bəzən Trampın verdiyi bəyanatlar real həyatda özünü təsdiq etmir, sadəcə söz olaraq qalmaqdadır. Tramp ikinci dövr prezidentlik fəaliyyətinə başlayandan sonra onun Avropa Birliyi ölkələri, o cümlədən NATO üzvləri ilə münasibətlərində anlaşılmazlıq yaranmaqdadır və getdikcə bu anlaşılmazlıq mühiti dərinləşir.
Xüsusilə, o, Avropanın təhlükəsizliyinə Birləşmiş Ştatların cavabdeh olmadığı fikrini irəli sürür və Avropa ölkələrini öz təhlükəsizlikləri üçün əlavə vəsait ayırmağa çağırır. Birləşmiş Ştatlarla NATO arasındakı anlaşılmazlıq İran müharibəsində özünü daha aydın şəkildə ifadə etdi. Avropa ölkələri, xüsusilə də NATO-nun Avropada yerləşən üzv dövlətləri-Trampın çağırışlar etməsinə baxmayaraq-İranla müharibədə Birləşmiş Ştatlara dəstək vermədilər. Hətta İspaniya Birləşmiş Ştatların təyyarələrinin ölkə ərazisindən istifadə etməsinə, hava məkanından yararlanmasına və ya yanacaq doldurmasına imkan vermədi və bu müharibənin əleyhinə olduğunu birmənalı şəkildə ortaya qoydu.
Bundan sonra Tramp İspaniyanı hədələdi. Belə görünür ki, Tramp İspaniyanı əhəmiyyətli bir dövlət saymır və Birləşmiş Ştatların təhlükəsizliyi üçün NATO-nu vacib bir birlik hesab etmir. O, belə bir düşüncəyə sahibdir. Təbii ki, bu cür düşünən bir lider NATO-nun daxilən zəifləməsinə o qədər də təəssüf etməyəcək. Bütün bunlar isə son nəticədə NATO-nun bütövlükdə zəifləməsinə gətirib çıxaracaq. Çünki Birləşmiş Ştatların milli maraqları ilə Avropa dövlətlərinin maraqları arasında artıq kəskin fərqlər yaranıb. Bu fərqlər getdikcə dərinləşməkdədir. Biz, yəqin ki, gələcəkdə NATO-nu tam fərqli bir mahiyyətdə görəcəyik".
Turqut Ansari
15:00 10.07.2026
Oxunuş sayı: 50