Türkiyə hərəkətə keçdi: NATO yenilənir
ABŞ prezidenti Donald Tramp NATO Baş katibi Mark Rutte ilə görüşündə deyib ki, İspaniya ilə bütün ticarəti kəsəcəyik, səfərlərə də son qoyulacaq. Bu da NATO daxilində yaranmış fikir ayrılıqlarını, ABŞ-nin üzv ölkələrə yanaşmasını və maddiyyat bölgüsünü bir daha müzakirə mövzusuna çevirir. Mövzu ilə əlaqədar politoloq Samir Hümbətov Crossmedia.az-la fikirlərini bölüşüb.

"Trampın dediyi sözlərin biri digərini tutmadığı üçün bu məsələyə çox da ciddi yanaşmağın tərəftarı deyiləm. Həm də düşünürəm ki, İspaniya kifayət qədər böyük iqtisadiyyata malik olan, Avropada müəyyən çəkisi olan, həmçinin ordusu güclü bir ölkədir. Doğrudur, aktiv hərbi əməliyyatlara girməsə də, amma növbədə öz faydasını verən bir dövlətdir.
Belə olan halda, Trampın İspaniyanı ticarət blokadasına alacağını, yaxud ticarəti kəsəcəyini, ya da uçuşları və səfərləri dayandıracağını deməsi, bir az təhdid etməyə çalışma cəhdi kimi görünür. Bunun da səbəbləri bəllidir. İspaniyanın Fələstin məsələsində mövqeyi fərqlidir. Yəni, Fələstin məsələsində İsrailə dəstək vermir, əksinə, İsrailin etdiyi hərəkətləri tənqid edən bəyanatlarla çıxış edir və bu vəziyyətdən xoşu gəlmir. Bəli, mövqeyi belədir, hətta Fələstini müstəqil bir dövlət kimi tanımaq iddiasında olan bir ölkədir.
Ona görə də düşünürəm ki, Tramp bu fikirləri yəhudi lobbisinin, yaxud da İsrailin təzyiqi ilə səsləndirilə bilər. Amma hər bir vəziyyətdə, bunun NATO-ya ümumi olaraq təsir göstərəcəyini düşünmürəm".
Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli də məsələyə münasibət bildirib:

"Türkiyə üzərindən NATO-nun yenilənmə prosesinə start verdilər. İspaniya, İtaliya və Fransanın cəzalandırılması da bunun tərkib hissəsidir. Düşünürəm ki, NATO bu kimi addımlarla zəifləməyəcək. Sadəcə olaraq bu ölkələr məcbur ediləcəklər ki, ümumdaxili məhsullarını 5 faizini NATO xərclərinə ayırsınlar".
Turqut Ansari
19:16 09.07.2026
Oxunuş sayı: 51