Ukrayna Rusiyada “cərrahi əməliyyata” başlayıb: Rəsmi Moskva hərbi “reanimasiyada”
Almaniya kansleri Fridrix Merz Rusiyanın Ukraynaya qarşı müharibədə qələbə qazanmaq imkanının olmadığını bildirib və müttəfiqləri Ukraynaya dəstəyi davam etdirməyə çağırıb.
Müasir geosiyasi qarşıdurmalar göstərir ki, müharibələrin taleyi artıq təkcə cəbhə xəttindəki hərbi kütlə ilə deyil, rəqibin iqtisadi şah damarlarını iflic edən asimmetrik zərbələrlə həll olunur. Avropanın siyasi mərkəzlərindən, xüsusilə Berlindən gələn son bəyanatlar regiondakı hərbi status-kvonun Kremlin əleyhinə dəyişdiyini gizlədə bilmir. Ukrayna ordusunun neft infrastrukturuna yönəlmiş "cərrahi" əməliyyatları və Vaşinqtondan Pekinə qədər uzanan çoxşaxəli təzyiq halqası, Moskvanın qələbə illüziyasını sürətlə real bir tükənmə böhranına çevirir.

Məsələ ilə bağlı siyasi şərhçi Pərviz Mirizadə Crossmedia.az-a açıqlama verib.
"Almaniya Kansleri Fridrix Mersin Rusiya-Ukrayna müharibəsinin gedişatı ilə bağlı səsləndirdiyi fikirlər, cəbhə xəttindəki mövcud vəziyyəti və ümumiyyətlə müharibənin hazırkı miqyasını nəzərə aldıqda, reallığı tam əks etdirən bir çıxış kimi qiymətləndirilməlidir. Hazırkı dinamika onu diktə edir ki, Ukrayna ordusu "cərrahi" əməliyyatlarla, yəni nöqtə zərbələri ilə Rusiyaya məxsus, istər cəbhə zonasında, istərsə də cəhbədən kənarda-Rusiyanın daxillərində yerləşən və xüsusilə Rusiya iqtisadiyyatının şah damarı hesab edilən neft emalı zavodlarına çox ciddi zərbələr endirir. Bununla paralel olaraq, Rusiyanın işğal etdiyi Ukrayna ərazilərindəki hərbi infrastruktur obyektlərinə, yəni logistika zəncirlərinə dəqiq zərbələr endirməklə, rus qüvvələrinin irəliləmək imkanlarını və potensialını zəiflədir. Eyni zamanda, neft emalı zavodlarının hədəf alınması müharibəni maliyyələşdirən əsas strukturu sarsıdır. Bu da ümumilikdə Rusiyanı olduqca çətin bir vəziyyətə salır”.
O, bildirib ki, müharibənin gedişatı ilə bağlı, xüsusən də Rusiya kontekstində işlərin mənfiyə doğru getdiyinə dair fikirlər getdikcə artmaqdadır: “Bunu Rusiya rəsmiləri özləri də müəyyən qədər etiraf edirlər, yəni onların çıxışlarında bu narahatlıq aydın şəkildə öz əksini tapır. Belə bir şəraitdə Rusiyanın hazırda Ukrayna üzərində tamamilə qələbə qazanmaq ehtimalı minimuma bərabərdir. Çünki Ukraynanı dəstəkləyən qüvvələr geri çəkilmir; Ukrayna həm müharibə gedişatında öz hərbi sənayesini kifayət qədər uğurla inkişaf etdirir, həm də ona göstərilən beynəlxalq dəstək hər gün daha da artır. Vaxtilə Ukrayna qarşısındakı ən böyük qeyri-müəyyənliklərdən biri məhz Tramp administrasiyasının, yəni Birləşmiş Ştatların səsləndirdiyi ilkin ritorika idi. Lakin hazırda bu ritorika böyük ölçüdə dəyişmiş vəziyyətdədir. Əslində Amerika Birləşmiş Ştatlarının Rusiya ilə ortaq məxrəcə gələ bilməməsi, yekunda Vaşinqtonu yenidən Ukraynanın yanında qətiyyətli mövqe sərgiləməyə sövq edir. Hazırda məhz Tramp da Putinə qarşı eyni sərt dinamikanı və ritorikanı nümayiş etdirir.
Bütün bu amilləri nəzərə aldıqda Rusiyanın işi, əlbəttə ki, müəyyən qədər çətinləşir. Bu çətinləşmə fonunda Rusiyanın hər gün Çindən olan asılılığı daha da artır. Digər bir mühüm məqam isə Rusiya cəbhəsində yer alan Belarusun müharibəyə birbaşa qoşulma ehtimalıdır ki, məhz buna qarşı da Çin öz etirazını və əks-mövqeyini nümayiş etdirir.
Yəni bütün bu məsələlər, əslində, Rusiyaya qarşı eyni anda bir neçə istiqamətdən təzyiq oxlarının yönəldiyini göstərir və bu da Moskvanın strateji manevr imkanlarını daraldır. Bütün bu amilləri ardıcıllıqla sıraladıqda görürük ki, Rusiyanın işi, həqiqətən də, çətindir. Bu gedişat onun müharibədə qələbə qazanmaq şanslarını böyük ölçüdə zəiflədir".
Turqut Ansari
18:30 09.07.2026
Oxunuş sayı: 54