Rusiyadakı qıtlıq Ermənistanın sonunu gətirəcək
Ukrayna hərbi birləşmələrinin Rusiyanın dərinliklərində yerləşən strateji enerji obyektlərinə təşkil etdiyi pilotsuz uçuş aparatları (PUA) hücumları qonşu ölkənin yanacaq sənayesində dərin böhrana yol açıb. Son olaraq Rusiyanın ən böyük neft emalı müəssisələrindən sayılan Omsk zavodunun hədəf alınması daxili bazarda ciddi dizel qıtlığı yaradıb və Moskvanı ixracı dayandıraraq idxala başlamağa məcbur edib. Ölkə daxilində yaşanan yanacaq qıtlığı problemi ciddi iğtişaşlara səbəb olur. Ölkədə qalan neftin də orduya yönləndirilməsi arxa cəbhədə daha ciddi problemlərə yol açır.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Oqtay Qasımov, Rusiyanın yanacaq sektorundakı çöküşün cəbhə xəttinə, maliyyə imkanlarına və regional bazarlara, xüsusilə Ermənistana təsirlərindən danışıb: "Ukraynanın son bir neçə ayda sistemli şəkildə həyata keçirdiyi əməliyyatlar nəticəsində Rusiyanın enerji və yanacaq sektorunda çox ciddi problemlər yaranıb. İlkin qiymətləndirmələrə görə, neft-yanacaq emalı zavodlarının ümumi istehsal gücü artıq 40 faizə qədər azalıb. Bu, olduqca ciddi bir təhdiddir. Son olaraq Omskda yerləşən Rusiyanın ən böyük neft emalı zavodunun vurulması bu böhran prosesini bir az da sürətləndirdi. Nəticədə, dünyada ən böyük enerji və yanacaq tədarükçüsü kimi tanınan Rusiya, hal-hazırda qonşu ölkələrdən yanacaq idxal etmək məcburiyyətində qalıb. Lakin bu kənar idxal hesabına rəsmi Moskvanın bütün daxili ehtiyaclarını tam qarşılamaq reallıqdan uzaq görünür".

Rusiyanın bazardan çəkilməsinin region ölkələrinə təsirini ekpert belə dəyərləndirir: "Dizel olduqca mühüm və strateji bir məhsuldur. Bu böhranının regional təsirləri özünü ən qabarıq şəkildə Ermənistanda göstərəcək. Çünki hazırda Ermənistanın yanacaq və neft məhsulları ehtiyacının 95 faizi məhz Rusiyadan idxal hesabına qarşılanır. Rusiyanın daxili qıtlıq səbəbindən region bazarlarından çəkilməsi bu ölkədə kəskin təchizat çətinlikləri yaradacaq. Bu vəziyyət regional bazarda digər oyunçuların rolunun artmasına münbit şərait formalaşdırır. Bu baxımdan, Azərbaycanın (SOCAR-ın) regional yanacaq bazarında, o cümlədən Gürcüstan və bütövlükdə region istiqamətində mövqelərinin güclənməsinə, tədarük imkanlarının artmasına çox böyük hüquqi və iqtisadi imkanlar yaranır".
O.Qasımov həmçinin böhranın cəbhədəki hərbi gedişata təsirindən də danışıb: "Dizel yanacağı müasir müharibələrdə ağır texnikaların, tankların və hərbi logistikanın əsas hərəkətverici qüvvəsidir. Bu yanacaq növünün qıtlaşması Rusiya ordusunun hərəkət dinamikasını zəiflədəcək və cəbhədəki lojistik təminatda ciddi problemlər yaradacaq. Eyni zamanda, bu zərbələr Rusiyanın maliyyə imkanlarına da sarsıdıcı zərbə vurur. Ukrayna tərəfi məhz bu səbəbdən Rusiyanın yanacaq sektorunu hədəfə gətirib. Çünki rəsmi Kiyev haqlı olaraq hesab edir ki, Rusiyanın işğalçı müharibəsinin maliyyələşməsində əsas rolu məhz bu sektor oynayır. Odur ki, Rusiya ordusu həm loqistika, həm də maliyyə baxımından artıq böyük fəsadlarla üzləşib və bu vəziyyət getdikcə dərinləşəcək.Əgər Rusiyanın neft emalı müəssisələrindəki istehsal azalması 60 faiz həddinə çatarsa, bu, Kremlin hərbi maşını üçün tamamilə iflicdedici bir problemə çevriləcək və Rusiyanın geri çəkilməsini sürətləndirəcək. Lakin indiki mərhələdə Rusiya rəhbərliyinin ritorikasına baxdıqda, onların savaşı dayandırmaq niyyətinin olmadığı aydın görünür. Rusiya daxili ehtiyatları hesabına müqavimət göstərməyə çalışacaq. Böyük ehtimalla, Kreml mülki sektora verilən yanacağı kəskin şəkildə məhdudlaşdıraraq bütün qalan resursları sırf hərbi ehtiyaclara yönəltmək yolunu seçəcək. Amma hər bir halda, bu böhranın Rusiya iqtisadiyyatında və ordusunda yaratdığı çatları gizlətmək artıq mümkün deyil".
Fatimə Cabbarlı
20:30 09.07.2026
Oxunuş sayı: 69