Rusiya Baltikyanı ölkələri hədələdi: Nüvə ritorikası yenidən gündəmdə
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Baltikyanı ölkələr üçün yaxşı bir şey proqnozlaşdırılmayıb.
Peskovun sözlərinə görə, nüvə silahlarının yerləşdirilməsi Baltikyanı ölkələrin təhlükəsizliyinə əlavə töhfə verməyəcək, əksinə, Rusiyanı əks tədbirlər görməyə məcbur edəcək.Geosiyasi arenada imperiyalar yıxıla bilər, iqtisadiyyatlar çökə bilər, lakin masada tək bir dəmir arqument qaldıqda-nüvə düyməsi-oyunun qaydaları tamamilə dəyişir. Bu gün Rusiyanın qlobal güclərə qarşı apardığı müharibə və Kremlin ritorikası məhz bu "son çarə" instinktinə söykənir. Yuqoslaviya ssenarisindən nüvə qalxanı ilə qorunan bir dövlətin bu gün dünyanı gətirdiyi nöqtə və Ukrayna cəbhəsindəki dözümlülük balansı, əslində, sadəcə iki ölkənin deyil, qlobal iradələrin toqquşmasıdır. Məsələ ilə bağlı politoloq Əhəd Məmmədli Crossmedia.az-a açıqlama verib.

" Kreml hazırda ölkənin düşdüyü çətin vəziyyətdə, təbii ki, dünyaya təhdid çağırışları etməyə davam edir. Rusiyanın təhdid taktikası həmişə belə olub. İmperiya dağılandan sonra əllərində bircə təhdid mexanizmi qalıb. Onun hesabına hələ də ayaq üstə dururlar. Rusiyanın atom bombası olmasaydı, ötən əsrin 90-cı illərində bu dövləti bir neçə ilə parçalanmaq və Yuqoslaviyanın aqibətini yaşamaq gözləyirdi.
Amma indi atom bombası var. Ruslar emosionaldırlar. Onlar spirtli içkilərə düşkün xalqdır. Vəzifədə olanlar da içir. Elə ki, 200 qram rus arağından vurdular, hər şey dəyişir. Həmin an o nüvə düyməsinə basa bilərlər və bu təhdidi hələ də davam etdirirlər. Avropada və Qərbdə də bunu çox yaxşı bilirlər. Ona görə də qorxur və çəkinirlər. Elə buna görə də NATO Yuqoslaviyada və İraqda necə davrandısa, Rusiya ilə elə davrana bilmir. Çünki Rusiyanın arxalandığı güc dəmirdəndir. O dəmir güc nədir? Nüvə düyməsinin, nüvə silahının olmasıdır.
Hətta deyərdim ki, Rusiya dünyada ən çox atom bombasına sahib ölkədir. Düzdür, artıq onların ən azı üçdə biri sıradan çıxıb, istismar müddəti bitib və sair. Amma yenə də kəmiyyət baxımından ən çox atom bombası olan ölkədir. Bu silahlar nəinki təkcə Baltikyanı ölkələri, hətta bütün Avrasiyanı və Avropanı məhv edə bilər. Peskov da bu təhdidləri ona görə davam etdirir ki, Rusiya-Ukrayna müharibəsində Qərb, nəhayət, Ukraynaya dəstəyini dayandırsın.
Amma görünən odur ki, Qərb hələ də Ukraynaya dəstək verməyə davam edir. Bu, Rusiyanın işini daha da çətinə salır. Ukraynanın da işi çətindir, amma onun artıq itirəsi nəyisə yoxdur. Ukrayna bu müharibədə Rusiyaya qarşı dayana bildiyini bütün dünyaya göstərdi. Bəli, hazırda hərbi vəziyyət və ərazi baxımından Rusiya irəlidədir. Krımın işğalından bəri Ukraynanın iyirmi faiz ərazisi tutulub.
"5 günə Ukraynanı alarıq" deyib lovğalananlar üçün, təbii ki, bu çox biabırçı bir nəticədir. Amma yenə də Rusiya hazırda üstün tərəfdir və hələlik Rusiya iqtisadiyyatı tam çökməyib. Bu iqtidarın dönəmində rus xalqı baş verənləri sakit mənzərə kimi izləyir və bu vəziyyət belə davam etdikcə Rusiya müharibəni aparacaq. Digər tərəfdən, Ukraynada da Qərbin dəstəyi gəldiyi müddətcə və Volodimir Zelenski iqtidarda olduqca Ukrayna xalqı da sakit durub müqavimət göstərir. Bu şərait davam etdikcə Ukrayna da müharibəni davam etdirəcək".
Onun fikrincə, müharibə hələ bir neçə il də davam edə bilər: "Düşünürəm ki, Ukrayna bu müharibədə daha bir beş il də ayaq üstə dayana bilsə-demirəm Ukrayna tam qalib gələcək-amma Rusiya geri çəkilməyə məcbur olacaq. Lakin, bu, asan olmayacaq. Bu çətinliyin öhdəsindən Qərbin dəstəyi, Ukrayna xalqının müqaviməti və qəhrəmanlığı sayəsində gəlinəcək, yoxsa yox-bunu zaman göstərəcək".
Turqut Ansari
09:30 10.07.2026
Oxunuş sayı: 56