Yeni Kaledoniyanın seçki zəfəri Parisin məğlubiyyətidir
Sakit okeanın cənubunda yerləşən Fransa dənizkənarı ərazisi Yeni Kaledoniyada müstəqillik tərəfdarlarının seçkilərdə qazandığı tarixi qələbə beynəlxalq birliyin və kolonializm əleyhinə mübarizə aparan qüvvələrin diqqət mərkəzindədir. Uzun illərdir suverenlik sınağı qarşısında olan adadakı bu siyasi mənzərə rəsmi Parisin regiondakı təsir rıçaqlarının zəiflədiyini növbəti dəfə nümayiş etdirir. Fransanın müstəmləkə siyasəti süquta doğru sürətlə irəliləyir. Yeni Kaledoniyanın da bu istiqamətdə göstərdiyi qətiyyətli mövqe Fransanın yürüdəcəyi siyasətlə bağlı suallar yaradır.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Əhəd Məmmədli qeyd edib ki, Yeni Kaledoniyada müstəqillik tərəfdarlarının seçkidə qalib gəlməsi rəsmi Parisin, yəni mərkəzləşdirmə siyasətinin lokal səviyyədə məğlubiyyətidir: "Amma bunların qalib gəlməsi dərhal Yeni Kaledoniyanın müstəqil olması nəticəsinə gətirib çıxarmır. Onun üçün gərək ki,bir yol qət edilsin. Amma Yeni Kaledoniya illərdir suverenliyi, müstəqilliyi uğrunda mübarizə aparır və artıq addım-addım bu hədəfinə çatır. Yəni bu proses yeni bir müstəqil dövlətin yaranması ilə nəticələnə bilər".

Müstəqilliyin hüquqi tərəfi ilə real tərəfi arasındakı fərqə diqqət çəkən ekspert bu cür qeyd edir : "Müstəqil olmaq və bu müstəqilliyin metropoliya tərəfindən qəbul olunması ilə hər şey bitmir. Fərz edək ki, Yeni Kaledoniya müstəqil dövlət oldu və keçmiş metropoliya , Fransa tərəfindən bu qəbul edildi. Amma bu hələ tamamilə müstəqil olmaq demək deyil. Müstəqil olmaq həm də daxili və xarici siyasətdə tam müstəqil addımlamaq, müstəqil qərarlar qəbul edə bilməkdir".
Fransanın digər coğrafiyalardakı kolonial keçmişini nümunə gətirən Ə.Məmmədli əlavə edir ki: Fransanın Afrika qitəsində böyük müstəmləkələri var idi və onların bir çoxu hələ təzəlikcə Fransadan asılı vəziyyətdən çıxmağa başlayıblar: "Baxmayaraq ki, Fransa onların müstəqilliyini hələ 30, 40, 50, hətta 60 il bundan qabaq elan eləmişdi, tanımışdı. Amma həmin ölkələr yalnız indi Fransadan tam müstəqil olmağa, Fransanın hərbi bazalarından qurtulmağa və tamamilə müstəqil xarici siyasət yürütməyə başlayıblar .Ona görə də bu proses uzun gedəcək bir yoldur. Burada, təbii ki, müstəqillik uğrunda mübarizə aparan yerli xalqların bu uzun və çətin yolda atacağı addımlardan, nümayiş etdirəcəyi qətiyyətdən çox şey asılı olacaq".
13:48 09.07.2026
Oxunuş sayı: 73