Kartlar yenidən paylanır: Rusiya – Ukrayna müharibəsi ilə bağlı son sözü kim deyəcək?
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya və ABŞ liderləri yaxın gələcəkdə təmaslarını davam etdirəcək.
Müharibələrin ən amansız mərhələsi də adətən silahların susmağa hazırlaşdığı andan bir az əvvəl yaşanır. Bu gün Ukrayna cəbhəsində alovlanan və hər iki tərəfin enerji infrastrukturunu hədəf alan şiddətli döyüşlər, əslində gələcək sülh masasının xəritəsini qanla cızmaq cəhdidir. Yaxın Şərqdəki geosiyasi partlayışların kölgəsində qalan Rusiya-Ukrayna böhranı ,dövlət başçıları Donald Tramp və Vladimir Putin arasında gözlənilən birbaşa təmaslarla yenidən qlobal gündəmin baş tacına çevrilir. Cəbhədəki bu son və amansız fəallıq bir reallığı çılpaqlığı ilə göstərir: tərəflər diplomatik şahmat taxtasına zəif deyil, qalib qismində əyləşmək istəyirlər. İlin sonuna doğru neytral zonada qurulması ehtimal olunan o böyük masa, sadəcə iki ölkənin deyil, Vaşinqton və Moskva xəttində yeni dünya nizamının taleyini həll edəcək.

Politoloq Zeynal Əmrəliyev bu barədə Crossmedia.az-a danışıb: "Tramp və Putin arasında təmasların davam etməsi Ukrayna münaqişəsinin həllinə müsbət təsir göstərəcək bir addımdır. Əlbəttə ki, liderlər arasında çoxtərəfli görüşlərin keçirilməsi münaqişənin nizamlanmasına dair ümidləri artırır. Sanki İran-İsrail münaqişəsi və İran üzərindəki hərbi əməliyyatlar Rusiya-Ukrayna müharibəsini bir qədər arxa plana keçirmişdi. İndi isə Tramp və Putin arasında dialoqun bərqərar edilməsi-yəqin ki, söhbət telefon danışıqlarının aparılmasından və neytral zonada görüşün təşkilindən gedir-həm ABŞ-Rusiya münasibətlərinin gələcək inkişafı, həm də Ukraynadakı münaqişənin həlli istiqamətində real addımların atılması üçün böyük zəmin yaradacaq”.
O bildirib ki, son dövrlərdə Rusiyanın Ukrayna cəbhəsində mövqeyini gücləndirməsi, eyni zamanda Ukraynanın da döyüş zonasında öz aktivliyini artırması, tərəflərin qarşılıqlı olaraq bir-birinin enerji sektoruna zərbələr endirməsi prosesi artıq müharibənin gedişatında çox böyük bir fəallığın olduğunu göstərir: “Bu fəallıq, öz növbəsində, danışıqlar üçün də bir zəmin hazırlayır. Sanki hər kəs masaya daha güclü oturmaq istəyir. Yəni cəbhə xəttindəki vəziyyətin gərginləşməsi onu göstərir ki, artıq bir danışıqlar masası qurulur və bu masada həm Moskva, həm də Kiyev güclü tərəf kimi əyləşmək üçün bir-birinə qarşı aktiv hücum əməliyyatları həyata keçirir. Cəbhə xəttindəki bu aktivlik danışıqlara qədər daha da şiddətlənəcək və yəqin ki, artıq bu ilin yayın sonlarına doğru Rusiya-Ukrayna müharibəsi ilə bağlı masanın qurulması, eləcə də burada ABŞ və Rusiya liderləri arasında danışıqların aparılması məsələsi aktuallaşacaq".
Turqut Ansari
20:50 08.07.2026
Oxunuş sayı: 58