NATO baş katibi hədələdi - həm İran, həm Rusiya müharibənin ağır nəticələri ilə üzləşəcək
NATO-nun baş katibi Mark Ruttenin Türkiyədə keçirilən alyansda ABŞ-nin İranla mümkün qarşıdurmada təkbaşına hərəkət etməsinin kifayət etməyəcəyinə dair açıqlaması beynəlxalq təhlükəsizlik mühitində yeni müzakirələrə səbəb olub. Bu fikir İranın hərbi gücünün ABŞ-ni məğlub edə biləcəyi anlamına gəlmir. Əsas məsələ odur ki, İranın geniş ərazisi, böyük əhali potensialı, raket arsenalı, proksi qüvvələri və uzunmüddətli müharibə aparmaq imkanları belə bir qarşıdurmanın yalnız bir dövlətin resursları ilə qısa müddətdə həll olunmasını çətinləşdirə bilər. Məhz buna görə də analitiklər hesab edirlər ki, belə ssenaridə koalisiya dəstəyi və müttəfiqlərin iştirakı həlledici amillərdən biri olacaq.

Mövzu ilə bağlı politoloq Vaqif Hüseyn Crossmedia.az- a açıqlamasında qeyd edib ki, dünyada heç bir dövlət adətən təkbaşına başqa bir dövlətlə müharibəyə girmək istəmir: “Çünki istənilən müharibədə mütləq şəkildə kənar dəstəyə ehtiyac yaranır. Bir dövlətin resursları çox nadir hallarda digər dövləti tamamilə kapitulyasiyaya məcbur edəcək qədər kifayət edir. Biz bunun tarixdə çoxlu nümunələrini görmüşük. Dünya müharibələrinin hamısı koalisiyalar arasında baş verib. Bir dövlətin digər dövlətlə təkbaşına apardığı müharibələr isə adətən çox uzun illər davam edir və əksər hallarda heç bir tərəf qəti qələbə qazana bilmir. Bunun ən bariz nümunələrindən biri İran–İraq müharibəsidir".
Politoloq əlavə edib ki, İranın 80 milyondan çox əhalisi var: “Belə böyük resurslara və insan potensialına malik dövləti kapitulyasiyaya məcbur etmək üçün, ən azı, çox genişmiqyaslı koalisiya tələb olunur. Yəqin ki, NATO-nun baş katibi də məhz bunu nəzərdə tuturdu. Çünki belə bir müharibədə ya öz ölkənin bütün resurslarını həmin müharibəyə səfərbər etməlisən, ya da mütləq müttəfiqlərinin dəstəyini almalısan. Məsələn, bu gün həm İran, həm də Rusiya faktiki olaraq müharibə iqtisadiyyatına keçiblər. Xüsusilə də Rusiya üçün bunun uzunmüddətli və ağır nəticələrinin olacağı gözlənilir”.
Ayhan
16:00 08.07.2026
Oxunuş sayı: 53