Ankara sammiti NATO üçün yeni mərhələnin başlanğıcı ola bilər
Ankarada keçirilən NATO sammiti bu ilin ən mühüm beynəlxalq siyasi və təhlükəsizlik tədbirlərindən biri hesab olunur. Alyansa üzv dövlətlərin liderlərini bir araya gətirib. Sammit qlobal təhlükəsizlik mühitində artan risklər, davam edən regional münaqişələr, müdafiə siyasəti, yeni təhlükəsizlik çağırışları və transatlantik əməkdaşlığın gələcək istiqamətləri baxımından xüsusi əhəmiyyət daşıyır. Sammitin Türkiyədə keçirilməsi isə təkcə ev sahibi ölkənin NATO daxilində artan rolunun deyil, həm də Ankaranın regional və qlobal təhlükəsizlik məsələlərində oynadığı strateji mövqeyin göstəricisi kimi qiymətləndirilir. Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə davam edən gərginlik, müdafiə xərclərinin artırılması, alyansın cənub və şərq cinahının təhlükəsizliyi, eləcə də yeni təhlükəsizlik strategiyaları sammitin əsas müzakirə mövzuları sırasında olacaq. Bu baxımdan ekspertlər hesab edirlər ki, Ankaradakı görüşdə qəbul ediləcək qərarlar təkcə NATO-nun gələcək fəaliyyət istiqamətlərini deyil, həm də Avro-Atlantik məkanın təhlükəsizlik arxitekturasını müəyyənləşdirəcək.
Mövzu ilə bağlı Milli İstiqlal Partiyasının sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə Crossmedia.az-a açıqlama verib.
O, qeyd edib ki, Ankarada NATO Sammitinin keçirilməsi təsadüfi seçim deyil: "Türkiyə son illərdə həm NATO daxilində mühüm hərbi-siyasi aktor, həm də regional və qlobal böhranların həllində vasitəçi kimi öz mövqeyini daha da gücləndirib. Sammitin məhz Ankarada təşkili Türkiyənin Alyans daxilində artan siyasi çəkisinin, strateji əhəmiyyətinin və təhlükəsizlik məsələlərində oynadığı mühüm rolun göstəricisi kimi qiymətləndirilə bilər. Bu sammitdən əsas gözləntilər NATO-nun müdafiə potensialının daha da gücləndirilməsi, üzv dövlətlərin müdafiə xərclərinin artırılması, hərbi sənaye sahəsində əməkdaşlığın genişləndirilməsi və Ukraynaya dəstəyin davam etdirilməsi ilə bağlı konkret qərarların qəbul edilməsidir. Eyni zamanda, Avropanın təhlükəsizlik arxitekturası, Rusiyadan qaynaqlanan risklər, yeni texnologiyalar, kibertəhlükəsizlik və müdafiə sənayesində istehsal imkanlarının artırılması da əsas müzakirə mövzuları sırasında yer alacaq".

Deputat qeyd edib ki, Türkiyə üçün bu sammit həm də diplomatik nüfuzunu nümayiş etdirmək baxımından mühüm platformadır: "Ankara bir tərəfdən NATO qarşısındakı öhdəliklərini nümayiş etdirir, digər tərəfdən isə regional problemlərin həllində dialoq və əməkdaşlıq imkanlarını ön plana çıxarır: "Bu, Türkiyənin Qara dəniz, Yaxın Şərq və Cənubi Qafqaz kimi strateji bölgələrdə rolunun daha da artmasına xidmət edə bilər. Ümumilikdə, Ankara Sammitinin nəticələri yalnız NATO-nun gələcək fəaliyyət istiqamətlərinə deyil, həm də Avroatlantik məkanın təhlükəsizlik siyasətinə, beynəlxalq münasibətlər sisteminə və regional geosiyasi proseslərə ciddi təsir göstərə biləcək əhəmiyyət daşıyır. Sammitdən veriləcək mesajlar Alyansın birlik nümayiş etdirmək, kollektiv təhlükəsizlik prinsiplərini möhkəmləndirmək və yeni çağırışlara qarşı ortaq mövqe formalaşdırmaq iradəsini bir daha ortaya qoyacaq".
Hərbi ekspert Anar Şuşalı qeyd edib ki, Ankarada keçirilən NATO sammiti təkcə növbəti beynəlxalq toplantı deyil, həm də qlobal təhlükəsizlik arxitekturasının gələcəyini müəyyənləşdirə biləcək mühüm siyasi platformadır: "Sammitin məhz Türkiyədə keçirilməsi Ankaranın NATO daxilində strateji əhəmiyyətinin artdığını göstərir. Türkiyə həm Qara dəniz regionunda, həm Yaxın Şərqdə, həm də Cənubi Qafqazda sabitliyə təsir edən əsas aktorlardan biridir. Bu baxımdan, Ankaranın ev sahibi seçilməsi Alyansın Türkiyəyə verdiyi önəmin göstəricisi kimi qiymətləndirilə bilər. Sammitdən əsas gözlənti NATO-nun müdafiə qabiliyyətinin daha da gücləndirilməsi, üzv ölkələrin hərbi xərclərinin artırılması və müdafiə sənayesində əməkdaşlığın genişləndirilməsi ilə bağlı qərarların qəbul edilməsidir. Eyni zamanda, Rusiya–Ukrayna müharibəsi fonunda Ukraynaya dəstəyin davam etdirilməsi, Avropanın təhlükəsizlik strategiyasının yenilənməsi və hibrid təhdidlərə qarşı birgə fəaliyyət mexanizmlərinin gücləndirilməsi də gündəmin əsas mövzuları sırasında olacaq".

Ekspert qeyd edib ki, Türkiyə üçün isə bu sammit diplomatik baxımdan mühüm fürsətdir. Ankara bir tərəfdən NATO-nun güclü üzvü olduğunu nümayiş etdirir, digər tərəfdən isə regional problemlərin həllində vasitəçi rolunu daha da möhkəmləndirməyə çalışır: "Əgər sammitdə üzv dövlətlər arasında fikir ayrılıqları minimuma endirilərsə və konkret öhdəliklər qəbul olunarsa, bu, NATO-nun gələcək illərdə daha çevik və daha güclü hərbi-siyasi ittifaq kimi fəaliyyət göstərməsinə ciddi töhfə verə bilər".
Ayhan
13:00 08.07.2026
Oxunuş sayı: 80