Qubada XTQ irsinin davamçılarına düşərgə təşkil olunub
Xüsusi Təyinatlı Qazilər, Şəhid Ailələri və Veteranlar İctimai Birliyinin təşəbbüsü və dəstəyi ilə Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının ildönümü münasibətilə 2026-cı il, 28–29 iyun tarixlərində şəhid və qazi övladları üçün Quba rayonuna iki günlük maarifləndirici və istirahət məqsədli səfər təşkil olunub.
Crossmedia.az xəbər verir ki, səfər çərçivəsində iştirakçılar ilk olaraq Quba Soyqırımı Memorial Kompleksini ziyarət edərək burada xalqımızın tarixi ilə bağlı ətraflı məlumat alıblar.
Daha sonra onlar Qubanın füsunkar guşələrindən biri olan Qəçrəş meşəsində yerləşən, milli mətbəxi və təmiz təbiəti ilə seçilən Aynur Restoranının qonağı olublar. Restoranın rəhbərliyi və kollektivi şəhid və qazi övladlarını xüsusi diqqət və qayğı ilə qarşılayaraq onlara yüksək qonaqpərvərlik nümayiş etdirib.
Səfərin davamında uşaqlar “Quba Palace Hotel”də təşkil olunan “Qubada XTQ irsinin davamçıları” düşərgəsində iştirak ediblər. Düşərgənin əsas məqsədi şəhid və qazi övladlarının mənəvi-psixoloji rahatlığının təmini, asudə vaxtlarının səmərəli təşkili, vətənpərvərlik ruhunun gücləndirilməsi və onlar arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi olub.
Düşərgə müddətində “Quba Palace Hotel” tərəfindən uşaqların rahat istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılıb. İki gün davam edən proqram çərçivəsində iştirakçılar müxtəlif əyləncəli oyunlara, idman yarışlarına, xüsusilə voleybol turnirinə qatılaraq xoş və yaddaqalan anlar yaşayıblar.
Səfərin ikinci günü uşaqlar “Quba Palace Hotel”in nəzdində fəaliyyət göstərən Golf Klubunu ziyarət ediblər. Onlara golf idman növü haqqında ətraflı məlumat verilib, oyunun qaydaları izah edilib və hər bir iştirakçı həmin idman növünü praktiki olaraq sınamaq imkanı əldə edib.
Səfərin son günü “Saffra” ailəvi restoranı tərəfindən şəhid və qazi övladları üçün xüsusi ziyafət təşkil olunub.
Xüsusi Təyinatlı Qazilər, Şəhid Ailələri və Veteranlar İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə düşərgənin yüksək səviyyədə təşkilində göstərdiyi fəallığa və əməyinə görə Birliyin Quba rayon filialının sədri Ramin Yunusova təşəkkürünü bildirib, onun fəaliyyətini yüksək qiymətləndirib.
Xüsusi Təyinatlı Qazilər, Şəhid Ailələri və Veteranlar İctimai Birliyinin əsas məqsədi şəhid və qazi ailələrinə göstərilən dövlət qayğısına əlavə olaraq, onların övladlarını daim diqqətdə saxlamaq, sosiallaşmalarına, mənəvi inkişafına və asudə vaxtlarının səmərəli təşkilinə töhfə verməkdir. Quba səfəri də sözügedən istiqamətdə həyata keçirilən silsilə layihələrin davamı kimi uğurla baş tutub.
Qeyd edək ki, bu cür tədbirlərin mütəmadi təşkili şəhid və qazi övladlarının sosial inteqrasiyasına, psixoloji durumlarının yaxşılaşmasına, vətənpərvərlik ruhunda formalaşmasına və cəmiyyətə daha fəal inteqrasiyasına mühüm töhfə verir. Birlik gələcəkdə də bu istiqamətdə oxşar sosial layihələrin həyata keçirilməsini davam etdirməyi planlaşdırır.
18:35 02.07.2026
Oxunuş sayı: 46